Ölkəmizin dağ-mədən sənayesində aparıcı dövlət şirkətlərindən biri olan “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) fəaliyyətə başladığı 9 il ərzində qiymətli metalların satışından ümumilikdə 1 milyard 690 milyon manatdan çox gəlir əldə edib.
Finss.az xəbər verir ki, bu məbləğin 1 milyard 592 milyon manatı ixrac əməliyyatları, 98 milyon manatdan çoxu isə yerli bazarda topdan və pərakəndə satış nəticəsində formalaşıb.
Qeyd edək ki, “AzerGold” QSC 5 iyul 2016-cı il tarixində yaradılıb və ötən dövr ərzində 522 711 unsiya qızıl, 988 717 unsiya gümüş satışı həyata keçirib. Bu satışlar həm beynəlxalq, həm də yerli bazarlarda uğurla gerçəkləşdirilərək şirkətin ölkə iqtisadiyyatına töhfəsini artırıb.
“AzerGold” qiymətli metalların kommersiya dəyərini maksimal səviyyədə realizə etməklə yanaşı, həm də Azərbaycanın qeyri-neft sektorunun ixrac potensialının genişləndirilməsində mühüm rol oynayır.
Fuad Mədətov
Finss.az
