BİZNES

21 İyun

Çinin Tzinxua şəhərindən Azərbaycana ilk yük qatarı yola salınıb

Finss.az - Çinin Şərqində yerləşən Tzinxua şəhərindən Azərbaycana, Türkmənbaşı limanı vasitəsilə ilk yük qatarı yola salınıb.

Bu, yeni Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin rəsmi açılışı kimi qiymətləndirilir.

Qatar 100 standart konteynerdən ibarət yük daşıyır. Heyətdə geyim, aksessuarlar, metal ehtiyat hissələri və digər məhsullar var. Yüklər Türkmənbaşı limanına çatdıqdan sonra dəniz yolu ilə Bakı limanına daşınacaq.

Yeni marşrut Çin-Qazaxıstan sərhədində yerləşən Xorqos gömrük-keçid məntəqəsi, eləcə də Almatı, Daşkənd və Aşqabad kimi əsas şəhərlərdən keçir.

Ekspertlər bildirir ki, bu marşrut Aktau–Bakı logistika xəttinin yüklənməsini azaldacaq və Çin məhsullarının Mərkəzi Asiya və Mərkəzi-Şərqi Avropa bazarlarına daha sürətli  çatdırılmasını təmin edəcək.

Qeyd edilir ki, bu marşrut “Çin–Avropa” təşəbbüsü çərçivəsində Çjetszyan vilayəti tərəfindən təşkil olunan 26-cı beynəlxalq dəmir yolu xəttidir.

Avropa İttifaqının Avrokomissarı Yozef Sikela Türkmənbaşı limanını Avropa ilə Asiyanı birləşdirən əsas qovşaq adlandırıb və bildirib ki, bu dəhliz yüklərin Avropaya çatdırılma müddətini təxminən 15 günə endirəcək, yeni iş yerləri və investisiya imkanları yaradacaq.