BİZNES

20 İyun

Azərbaycandan Avropaya qaz ixracı 50 milyard kubmetri keçdi

Finss.az - Azərbaycandan Avropaya tədarük edilən təbii qazın ümumi həcmi 50 milyard kubmetrə çatıb.

Bu barədə Energetika Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Cənub Qaz Dəhlizinin əsas hissəsi olan Trans-Adriatik Qaz Boru Kəməri (TAP) vasitəsilə Avropaya qaz ixracına başlanıldıqdan bu günə qədər tədarük həcmi nəzərəçarpacaq dərəcədə artıb. Eyni zamanda Azərbaycanın qaz təchizatı coğrafiyası da genişlənərək Avropada daha çox ölkəni əhatə etməyə başlayıb.

Hazırda Gürcüstan və Türkiyə ilə yanaşı, Avropanın 10 ölkəsi də Azərbaycan qazı ilə təmin olunur.

Xatırladaq ki, Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” yatağından hasil edilən qazın Avropaya çatdırılması üçün inşa edilmiş TAP kəməri 2020-ci il noyabrın 15-də istismara verilib. 878 kilometr uzunluğunda olan bu boru kəməri Yunanıstan, Albaniya və Adriatik dənizi üzərindən keçərək İtaliyaya çatır.

Azərbaycan Avropaya qaz nəqlinə 2020-ci il dekabrın 31-də start verib. Azərbaycan ilə Avropa İttifaqı arasında əldə edilmiş razılaşmaya əsasən, 2027-ci ilə qədər illik qaz tədarükü minimum 16 milyard kubmetrə çatdırılmalıdır.

TAP-ın genişləndirilməsi istiqamətində işlər də davam edir. Layihənin birinci mərhələsi çərçivəsində İtaliya əlavə olaraq 1 milyard kubmetr, Albaniya isə 200 milyon kubmetr həcmində Azərbaycan qazı alacaq.