Finss.az xəbər verir ki, Avropa İttifaqı (Aİ) Şurası avro valyutasından istifadə edən Aİ-yə üzv ölkələrin maliyyə nazirlərinin Lüksemburqda keçirilən toplantıda Bolqarıstanın Avro Bölgəsinin 21-ci üzvü olmasını tövsiyə etmək qərarına gəldiyini açıqlayıb.
Açıqlamada qeyd olunub ki, Avrozona üzvləri Bolqarıstanın avroya qoşulmaq üçün lazımi kriteriyalara cavab verməsi ilə bağlı Aİ Komissiyası və Avropa Mərkəzi Bankının qiymətləndirmələrini bəyəniblər.
Açıqlamada Bolqarıstanın 2026-cı il yanvarın 1-dən avroya keçməsi tövsiyə edildiyi, AB Şurasının Bolqarıstanın Avrozonaya üzv olmasına və gələn ildən etibarən avronu rəsmi valyuta kimi istifadə etməyə başlamasına imkan verəcək hüquqi tənzimləmələrə başlayacağı qeyd edilib.
Açıqlamada təklifin Aİ-yə üzv 27 ölkənin maliyyə nazirlərinin iştirak edəcəyi sabah keçiriləcək iclasda rəsmi qəbul edilməsinin planlaşdırıldığı və bu məsələnin iyunun 26-da keçiriləcək Aİ Liderlər Zirvə toplantısında müzakirə ediləcəyi bildirilib.
Bu ayın əvvəlində Aİ Komissiyası və ECB 2007-ci ildən Aİ üzvü olan Bolqarıstanın gələn ilin əvvəlində avroya keçməyə hazır olmaqda qərarlı olduğunu açıqlayıb.
Avro 1999-cu ildə qeyri-materiallaşdırılmış valyuta kimi qüvvəyə minib və avro əskinasları və sikkələr 2002-ci ildə bu valyutanı qəbul edən Aİ ölkələrində dövriyyəyə buraxılıb.
Xorvatiyanın 2023-cü ildə avro valyutasını qəbul etməsi ilə Avrozona üzvlərinin sayı 20-yə çatıb.
Avrozona adlanan ölkələrin pul siyasətini Frankfurtda yerləşən ECB həyata keçirir.