BİZNES

05 İyun

MVM şirkəti SOCAR ilə uzunmüddətli qaz müqaviləsi imzalamağa çalışır

Azərbaycan qazının Avropaya ixracında iştirak edən əsas oyunçulardan biri – Macarıstanın “MVM CEEnergy” şirkəti, SOCAR ilə uzunmüddətli qaz tədarükü müqaviləsi bağlamaq niyyətindədir.

Finss.az xəbər verir ki, bu barədə şirkətin baş direktoru Qabor Orban Bakı Enerji Forumu çərçivəsində keçirilən sessiyada çıxışı zamanı məlumat verib.

“Biz Azərbaycan qazını Macarıstana boru kəməri vasitəsilə idxal edən və fiziki olaraq nəql edən ilk Mərkəzi Avropa ticarət şirkəti olmağımızla qürur duyuruq. Bu, hələlik qısamüddətli müqavilə çərçivəsində həyata keçirilir. Lakin biz bu əməkdaşlığı strateji tərəfdaşlıq kimi qiymətləndiririk və SOCAR ilə uzunmüddətli müqavilənin bağlanması üzərində çalışırıq”, – deyə Q.Orban bildirib.

Q.Orban qeyd edib ki, hazırda şirkət 5, 10 və 15 illik müqavilə imkanlarını araşdırır. Onun sözlərinə görə, əvvəllər MVM-in uzunmüddətli qaz təchizatı müqavilələri orta hesabla 30 il müddətini əhatə edirdi. Bu gün isə 15 illik müqavilə “uzunmüddətli” statusu daşıyır.

“Əlavə şərtlər müəyyən edilmədən müqavilənin müddəti və ya davamlılığı barədə dəqiq danışmaq çətindir. Lakin biz enerji təhlükəsizliyi baxımından bu əməkdaşlığı daha da möhkəmləndirmək istəyirik”, – deyə MVM rəhbəri əlavə edib.

Azərbaycan qazının Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya çıxışı fonunda, Macarıstan və digər Mərkəzi-Şərqi Avropa ölkələri üçün SOCAR ilə uzunmüddətli təchizat müqavilələri enerji təhlükəsizliyi baxımından strateji əhəmiyyət daşıyır. MVM şirkətinin bu sahədə atdığı addımlar, Avropanın enerji marşrutlarının şaxələndirilməsi siyasətinə uyğun şəkildə irəliləyir.