BİZNES

05 İyun

Orta Dəhliz üzrə konteyner daşımaları bu ilin ilk 4 ayında 56% artıb

“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədrinin müşaviri Emil Məmmədov Almaniyanın Münhen şəhərində keçirilən “Transport Logistic 2025” sərgisi çərçivəsində təşkil olunan panel müzakirələrində iştirak edib.

Finss.az xəbər verir ki, “İntermodal daşımaların yenidən dəyərləndirilməsi: Trans-Xəzər marşrutu üzrə maneəsiz hərəkət və özəl sektorun rolu” mövzusunda keçirilən paneldə Emil Məmmədov ADY-nin Orta Dəhliz – yəni Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə gördüyü işlər və perspektiv planlar barədə çıxış edib.

O bildirib ki, beynəlxalq tərəfdaşlarla aparılan intensiv və məqsədyönlü əməkdaşlıq sayəsində Orta Dəhliz üzrə konteyner daşımalarının həcmi davamlı şəkildə artır. Təkcə 2025-ci ilin ilk dörd ayında bu istiqamətdə daşımalar ötən ilin eyni dövrü ilə müqayisədə 56% artım göstərib.

Panel müzakirələrində Özbəkistan və Qazaxıstan dəmir yolu qurumlarının, Türkiyə Prezidentinin Maliyyə İdarəsinin, eləcə də Almaniyanın “Rhenus Group” logistika şirkətinin yüksək səviyyəli nümayəndələri iştirak ediblər. Görüşdə Orta Dəhliz boyunca mövcud darboğazların aradan qaldırılması, multimodal inteqrasiyanın gücləndirilməsi və daşımaların həcminin artırılması məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Müzakirələrin əsas mərkəzində dövlət-özəl tərəfdaşlığının rolu və transsərhəd ticarət axınlarında praktik təkmilləşdirmə imkanları dayanıb.