BİZNES

28 May

BTC vasitəsilə Türkiyə üzərindən 70,8 milyon barel neft nəql olunub

2025-ci ilin yanvar-aprel aylarında Türkiyə ərazisindən Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac neft kəməri ilə 70,753 milyon barel neft nəql edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3,3% azalma deməkdir.

Bu barədə Finss.az Türkiyənin boru kəmərləri operatoru “BOTAŞ”a istinadən xəbər yayıb.

Məlumatda qeyd olunub ki, 2024-cü ilin ilk dörd ayında BTC vasitəsilə Türkiyə üzərindən 73,147 milyon barel neft daşınıb.

Qeyd edək ki, 2024-cü ildə ümumilikdə BTC kəməri ilə Türkiyə ərazisindən 224,142 milyon barel neft ötürülüb ki, bu da 2022-ci ilin göstəriciləri ilə müqayisədə 2% azdır.

Xatırladaq ki, BTC boru kəməri vasitəsilə əsasən Azərbaycanın “Azəri-Çıraq-Günəşli” yataqlarından hasil edilən neft ixrac olunur. Eyni zamanda, digər istehsalçı ölkələrin nefti də bu marşrutla Türkiyə ərazisinə çatdırılır.

Fuad Mədətov
Finss.az