BİZNES

28 May

Azərbaycan ilə Ukrayna arasında ticarət dövriyyəsi artıb

2025-ci ilin yanvar-aprel aylarında Azərbaycanla Ukrayna arasında ticarət dövriyyəsi 158,4 milyon ABŞ dolları təşkil edib.

Finss.az Dövlət Gömrük Komitəsinin məlumatına əsasən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 5,5 milyon dollar və ya 3,6% çoxdur.

Ukrayna ilə ticarət Azərbaycanın ümumi ticarət dövriyyəsinin 0,94%-ni təşkil edib.

Cari ilin ilk dörd ayında Azərbaycandan Ukraynaya ixrac olunan məhsulların dəyəri 65,9 milyon dollar olub ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 31,1% və ya 170,8 milyon dollar çoxdur.

Əksinə, Ukraynadan Azərbaycana idxal həcmi azalıb. 2025-ci ilin yanvar-aprel aylarında bu göstərici 92,5 milyon dollar təşkil edib ki, bu da ötən illə müqayisədə 10,1 milyon dollar və ya 10% azdır.

Bununla yanaşı, hesabat dövründə Azərbaycandan Ukraynaya 63 milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac olunub. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 2,2 dəfə və ya 33,9 milyon dollar çoxdur.

Qeyri-neft ixracında Ukraynanın payı 5,90% təşkil edib və bu ölkə Azərbaycanın qeyri-neft məhsullarının əsas alıcıları arasında 5-ci yerə yüksəlib.

Ümumilikdə, 2025-ci ilin ilk dörd ayında Azərbaycanın xarici ticarət dövriyyəsi 16,917 milyard dollar olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 24,1% artım deməkdir.

Ticarət dövriyyəsinin 8,785 milyard dolları ixracın, 8,133 milyard dolları isə idxalın payına düşüb. Bu göstəricilər ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 7,5% və 48,8% artım göstərir.

Nəticədə, 651,8 milyon dollarlıq müsbət ticarət saldosu formalaşıb ki, bu da illik müqayisədə 4,15 dəfə azalma deməkdir.

Fuad Mədətov
Finss.az