Finss.az - Ötən ilin fevralında Çinin Sian şəhərində yeni Qazaxıstan-Çin terminalının istifadəyə verilməsindən sonra konteyner daşımalarında əhəmiyyətli nəticələr qeydə alınıb.
AZƏRTAC “Qazaxıstan Demir Yolu” SC-nin mətbuat xidmətinə istinadla xəbər verir ki, terminalın açılması sayəsində Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə Çindən konteyner daşımalarının həcmi 33 dəfə artıb.
Bu gün terminalın gücü ildə 133.000 TEU təşkil edir. Ötən il ərzində bu mərkəz vasitəsilə tranzit daşımaların həcmi 276 min tonu ötüb (təxminən 23 min TEU emal edilib və daşınıb). Bu ilin cəmi 4 ayında 10 524 TEU (126 288 ton) yük göndərilib və emal edilib. 2030-cu ilə qədər bu həcmin ildə 83 min TEU-ya çatdırılması planlaşdırılır.
Orta Dəhliz kimi də tanınan Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyə vasitəsilə Çin ilə Avropa ölkələrini birləşdirir.