BİZNES

20 May

Kənd təsərrüfatında artım

Finss.az - 2025-ci ilin yanvar-aprel aylarında Azərbaycanın kənd təsərrüfatı sektoru müsbət dinamika nümayiş etdirib.

Dövlət Statistika Komitəsinin açıqladığı məlumatlara əsasən, qeyd olunan dövrdə kənd təsərrüfatının ümumi məhsulunun dəyəri 2345,5 milyon manat təşkil edib.

Ümumi məhsul dəyərinin əsas hissəsini heyvandarlıq sahəsi təşkil edib – bu göstərici 2151,5 milyon manat olub. Bitkiçilik məhsullarının dəyəri isə 194,0 milyon manat səviyyəsində qeydə alınıb.

2024-cü ilin eyni dövrü ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 1,8 faiz, heyvandarlıq məhsulları istehsalı 1,1 faiz, bitkiçilik məhsulları istehsalı isə 9,3 faiz artıb. Xüsusilə bitkiçilik sahəsində müşahidə olunan kəskin artım sektorda canlanmanın göstəricisi kimi qiymətləndirilir.

İstehsal indekslərinin aylıq dinamikasına nəzər saldıqda, 2025-ci ilin yanvar-aprel aylarında kənd təsərrüfatı üzrə istehsal indeksi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 101,8 faiz, heyvandarlıq üzrə 101,1 faiz, bitkiçilik üzrə isə 109,3 faiz səviyyəsində olub.