Finss.az - 2025-ci ilin yanvar-aprel aylarında Azərbaycan iqtisadiyyatında elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı ilə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında məhsul istehsalı artımı qeydə alınıb.
Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2025-ci ilin ilk dörd ayında elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsal olunan məhsulların dəyəri 1 295,2 milyon manat təşkil edib ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,9% artım deməkdir. Su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə məhsul istehsalının həcmi 197,6 milyon manat olub və illik artım 3,7% təşkil edib.
Elektrik enerjisi istehsalında 8 789,8 milyon kVt.s elektrik enerjisi istehsal olunub ki, bu da ötən ilin analoji dövrünə nisbətən 1,6% çoxdur. Onun içərisində, əmtəəlik elektrik enerjisi 8 485,4 milyon kVt.s səviyyəsində istehsal edilərək 1,5% artıb. İstilik elektrik stansiyalarında isə istehsal 2,1% azalma ilə 7 287 milyon kVt.s olub.
Qeyd edilməlidir ki, su elektrik stansiyalarında istehsal 35,9%, külək elektrik stansiyalarında 71,6%, günəş elektrik stansiyalarında isə 10,7% artıb.
Su təmizlənməsi və bölüşdürülməsi sahəsində istehsal 11,2% artaraq 188 milyon kub metr təşkil edib.