Finss.az - 2025-ci ilin yanvar-aprel aylarında neft məhsullarının istehsalının ümumi dəyəri 1607,0 milyon manat təşkil etmişdir ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 9,9 faiz azalma deməkdir.
Dövlət Statistika Komitəsinin məlumatına görə, istehsal həcmlərində müəyyən azalmalar qeydə alınmışdır. Belə ki, qazoylların (dizel yanacağı) istehsalı 8,2 faiz, ağ neft istehsalı 8,3 faiz, avtomobil benzini istehsalı 17,0 faiz, neft koksunun istehsalı 19,4 faiz, neft bitumu istehsalı 30,2 faiz, sürtkü yağlarının istehsalı isə 38,9 faiz azalmışdır.
Müvafiq dövrdə istehsal edilmiş əsas neft məhsullarının həcmi belə olmuşdur: avtomobil benzini 424,4 min ton (əvvəlki ilin eyni dövrünə nisbətən 83,0 faiz), ağ neft 196,0 min ton (91,7 faiz), qazoyllar (dizel yanacağı) 726,4 min ton (91,8 faiz), mazut 55,1 min ton (55,1 faiz), sürtkü yağları 12,4 min ton (61,1 faiz), maye qazlar 71,9 min ton (94,4 faiz), neft koksu, neft bitumu və digər neft məhsulları isə 209,9 min ton (61,5 faiz) təşkil etmişdir.
Mayın 1-i vəziyyətinə hazır məhsul ehtiyatları isə avtomobil benzini üzrə 44,0 min ton, ağ neft üzrə 22,9 min ton, qazoyllar üzrə 154,7 min ton, mazut üzrə 0,8 min ton, sürtkü yağları üzrə 4,7 min ton, maye qazlar üzrə 2,4 min ton, neft koksu və bitumu üzrə isə 38,8 min ton səviyyəsində olmuşdur.