BİZNES

09 May

Qazaxıstan rəsmisi: “Azərbaycanın vergi sahəsində təcrübəsi yüksək qiymətləndirilir”

Finss.az - İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti ilə Qazaxıstanın Maliyyə Nazirliyi gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında yeni Konvensiya layihəsi üzrə danışıqlara başlayıblar. Layihə ilə bağlı irəli sürülən təşəbbüslər və qarşılıqlı təcrübə mübadiləsi istiqamətində aparılan müzakirələr barədə Qazaxıstan Maliyyə Nazirliyinin Vergi və gömrük qanunvericiliyi departamentinin direktor müavini Ablayxan Malikoviç Baqibayev açıqlamalar verib.

- Ablayxan Malikoviç, bildiyimizə görə, hazırda Azərbaycan və Qazaxıstan arasında ikiqat vergitutmanın aradan qaldırılması haqqında yeni Sazişlə bağlı müzakirə aparılır. Sizcə, bu ehtiyac nədən yaranıb? Sənəddə hansı yeniliklər əks oluna bilər?

- Bildiyiniz kimi, hazırkı Vergi Konvensiyamız 1997-ci ildə imzalanıb. O dövrdən təqribən 30 ilə yaxın vaxt keçib, qlobal iqtisadi vəziyyət və beynəlxalq standartlar isə durmadan təkmilləşir. Mövcud müqavilənin beynəlxalq standartlara uyğunlaşdırılması zərurəti məhz bu baxımdan yaranıb.

Yeni Konvensiyada vergidən yayınmanın qarşısının alınması, o cümlədən sui-istifadə halları üzrə mübarizəyə dair beynəlxalq BEPS (Base Erosion and Profit Shifting) standartları əks olunacaq. Xüsusilə bu, daimi nümayəndəliklə bağlı 5-ci maddəyə aiddir. Layihədə yeni preambula, PPT (Principal Purpose Test) üzrə əlavə maddə nəzərdə tutulur və razılıq əldə olunarsa, ümid edirəm ki, yeni müddəalar olacaq.

Azərbaycan tərəfi vergi dərəcələrinə - "Dividendlər" və "Royalti faizləri" maddələrinə yenidən baxılması təşəbbüsü ilə çıxış edib. Layihə ilə bağlı həm bizim, həm də Azərbaycan tərəfinin irəli sürdüyü bir sıra digər təşəbbüslər var. Ona görə də bütün bu müddəalar yeni Vergi Konvensiyasında öz əksini tapmalıdır.

- Azərbaycanın vergi təcrübəsi ilə nə dərəcədə tanışsınız? Onu necə qiymətləndirirsiniz?

- Biz Azərbaycandan olan həmkarlarımızın peşəkarlığını və təcrübəsini yüksək qiymətləndiririk. Müxtəlif platformalarda çox sıx qarşılıqlı fəaliyyət göstəririk, fikir mübadiləsi, Vergi Konvensiyasının tətbiqi ilə bağlı birbaşa danışıqlar aparırıq. Əlaqələrimiz yüksək səviyyədə qurulub.

- Daha çox hansı məqamlar qazaxıstanlı həmkarların diqqətini çəkib və onların Qazaxıstanda tətbiqi nəzərdən keçirilə bilərmi? Bununla yanaşı, Siz azərbaycanlı həmkarlarınıza Qazaxıstanın hansı təcrübəsini təklif edərdiniz?

- Biz Hasilatın pay bölgüsü sazişləri çərçivəsində fəaliyyət göstərən şəxslərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması haqqında konvensiyaların tətbiq edilməməsi ilə bağlı Azərbaycanın vergi təcrübəsi ilə maraqlandıq. Bu, bizim üçün bir yenilikdir və inanıram ki, danışıqlardan sonra bu təcrübənin Qazaxıstanda tətbiqi ilə bağlı daxili məsləhətləşmələr aparacağıq. Məsələnin böyüklüyünü və ciddi məbləği nəzərə almaqla, bu təcrübəni diqqətlə nəzərdən keçirəcəyik.

Tətbiq edə biləcəyimiz başqa bir məsələ Azərbaycanın daxili qanunvericiliyində gəlirin faktiki sahibinin müəyyən edilməsi qaydalarıdır. PPT üzrə ayrıca müddəalar da mövcuddur – məsələn, vergi konvensiyalarından sui-istifadəyə qarşı prinsiplər. Biz bu müddəaların mətnini əldə etmək üçün qarşı tərəfə müraciət etmişik. Eyni qaydaların Qazaxıstanda necə formalaşdırıla biləcəyini nəzərdən keçirəcəyik. Bundan başqa, Azərbaycan vergi xidmətinin “Royalti” maddəsi ilə verilən hüquqlar çərçivəsində texniki xidmətlər maddəsinin xidmətlərə tətbiqi təcrübəsi məndə böyük maraq yaratdı. Ümid edirəm ki, danışıqların nəticələrindən sonra biz bu təcrübəni də nəzərdən keçirəcəyik.

Qazaxıstanın təcrübəsinə gəlincə, hesab edirəm ki, bizim vergi müqavilələrindən sui-istifadəyə qarşı qaydanın (PPT) tətbiqi ilə bağlı təcrübəmiz Azərbaycan tərəfinin diqqətini çəkib. Biz azərbaycanlı həmkarlarımızla, həmçinin, qeyri-rezidentlər tərəfindən sui-istifadə cəhdləri ilə bağlı təcrübəmizi bölüşdük. Ümidvaram ki, gələcəkdə də həm vergi konvensiyalarının, həm də ümumilikdə vergi qanunvericiliyinin tətbiqi sahəsində yaxından əməkdaşlıq etməklə bir-birimizin təcrübəsindən daha çox yararlana biləcəyik.

©vergiler.az