BİZNES

07 May

Özbəkistanla ticarət dövriyyəsi 2,7 dəfə artıb

Finss.az - Bu ilin yanvar-mart aylarında Azərbaycanla Özbəkistan arasında ticarət əlaqələri nəzərəçarpacaq dərəcədə genişlənib. Dövlət Gömrük Komitəsinin açıqladığı statistikaya əsasən, iki ölkə arasında ticarət dövriyyəsinin ümumi həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 2,7 dəfə artaraq 97,2 milyon ABŞ dollarını ötüb.

Artım əsasən Özbəkistandan Azərbaycana idxal olunan məhsulların həcminin əhəmiyyətli dərəcədə artması ilə bağlı olub. Belə ki, bu göstərici 2,9 dəfə artaraq 87,2 milyon dollar təşkil edib. Eyni zamanda, Azərbaycandan Özbəkistana ixrac da müsbət dinamika göstərib – 64 faiz artımla 9,6 milyon dollara yüksəlib.

Rəsmi məlumata görə, cari ilin ilk rübündə Özbəkistanla aparılan ticarət əməliyyatları Azərbaycanın ümumi xarici ticarət dövriyyəsinin 0,8 faizini təşkil edib.