Ümumdünya Qızıl Şurası 2025-ci ilin birinci rübünün "Qızıl Tələb Trendləri" hesabatını dərc edib.
Finss.az xəbər verir ki, hesabata görə, qlobal qızıl tələbi birinci rübdə ötən ilin eyni dövrü ilə müqayisədə 1 faiz artaraq 1206 tona çatıb. Beləliklə, birinci rübdə qızıl tələbi 2016-cı ildən bəri ölçülən ən yüksək birinci rüb səviyyəsinə çatıb.
Bu dövrdə qızılın qiymət artımında qızılın birja fondlarından daxilolmalar mühüm rol oynamışdır.
Mərkəzi bankların qızıl alışları birinci rübdə əvvəlki rüblə müqayisədə yavaşlayıb. Birinci rübdə mərkəzi banklar ümumilikdə 243,7 ton qızıl alıblar.
Əvvəlki rübdə 344,7 ton olan investisiya məqsədi ilə qızıl alışları birinci rübdə 551,9 tona yüksəlib.
Qızıl sikkələrin və külçələrin alışı 325,4 ton təşkil edib.
Rekord qiymətlər fonunda qızıl-zinət əşyalarına tələbat kəskin şəkildə azalıb. Zərgərlik üçün istifadə edilən qızılın miqdarı 2020-ci ildə COVID-19 pandemiyası zamanı tələbin dayanmasından bəri ən aşağı səviyyəyə düşüb.
Qızıl qiymətləri 2025-ci ildə rekord həddə çatıb. Qızılın orta qiyməti birinci rübdə illik bazda 38 faiz artaraq 2860 dollar olub.
Qızılın qiymətinin artmasına səbəb olan əsas amillərin ABŞ tarifləri, geosiyasi qeyri-müəyyənlik, birjalardakı volatillik və zəif dollar olduğu müəyyən edilib.