Aprelin 29-da paytaxt Bakıda regionun tekstil sahəsində ən əhəmiyyətli tədbirlərindən biri olan “Turan Tekstil Sərgisi” uğurla təşkil olundu. Sərgidə 50-dən artıq yerli və xarici tekstil şirkəti iştirak edərək məhsullarını və yeniliklərini təqdim etdilər.
Finss.az xəbər verir ki, tədbir Azərbaycan Françayzinq Assosiasiyası, Founder Club və Azərbaycan Tekstil Assosiasiyasının təşkilatçılığı ilə həyata keçirilib. Sərginin əsas məqsədi türk dövlətləri arasında tekstil sahəsində əməkdaşlığı gücləndirmək, yeni biznes əlaqələrinin qurulmasına və ticarət imkanlarının genişləndirilməsinə şərait yaratmaq olub.
“Turan Tekstil Sərgisi”nin rəsmi tərəfdaşları qismində Birbank və Meqa Sığorta çıxış edib. Tədbir çərçivəsində iştirakçılara maliyyə və sığorta xidmətləri haqqında geniş məlumat verilib, eləcə də bir sıra əməkdaşlıq imkanları müzakirə olunub.
Sərgini Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) sədri Orxan Məmmədov da ziyarət edib və bu cür təşəbbüslərin sahibkarlığın inkişafı baxımından əhəmiyyətini vurğulayıb.
Tədbirdə Türkiyə, Özbəkistan, Türkmənistan, Azərbaycan və digər türk dövlətlərindən nümayəndələr iştirak edib. Qonaqlar sərgidə təqdim olunan məhsul və xidmətlərlə yaxından tanış olub, regional əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.
“Turan Tekstil Sərgisi”, türk dünyasında tekstil sənayesinin inkişafına töhfə verəcək yeni əməkdaşlıqlar və ixrac imkanları baxımından önəmli platforma kimi dəyərləndirilib.
Fuad Mədətov
Finss.az


