BİZNES

30 Aprel

Azərbaycanda sənaye sektoruna yatırılan investisiyalar artıb

Finss.az - Cari ilin yanvar-mart aylarında Azərbaycanda sənaye sektoru üzrə əsas kapitala yönəldilən investisiyaların həcmi 1,6 milyard manat təşkil edib.

Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Rəsmi statistikaya görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 69,3 milyon manat və ya 4,6 faiz çoxdur. Sənaye sektoruna yatırılan investisiyaların ümumi əsas kapitalda xüsusi çəkisi 45,2 faiz təşkil edib.

Ümumilikdə, 2025-ci ilin ilk üç ayında ölkə üzrə əsas kapitala 3,5 milyard manat investisiya yönəldilib. Bu isə 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 10,1 faiz azalma deməkdir.

Neft-qaz sektoruna yatırılan vəsaitlər 24,2 faiz, qeyri-neft-qaz sektoruna yönəldilən investisiyalar isə 2,4 faiz azalıb. Bu dinamika, xüsusilə neft sektorunda azalan investisiya meyillərinin fonunda qeyri-neft sektorunun nisbətən stabil saxlandığını göstərir.