2025-ci il aprelin 1-i vəziyyətinə görə, Azərbaycanda əmək müqavilələrinin ümumi sayı təxminən 1,9 milyon nəfər təşkil edib.
Finss.az xəbər verir ki, bu barədə Azərbaycan Sahibkarlar (İşgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev “Rəqəmsallaşma və süni intellektin iş yerlərinə təsiri” mövzusunda keçirilən konfransda çıxış edərkən məlumat verib.
M.Musayevin sözlərinə görə, əmək müqaviləsi olan şəxslərin 900 min nəfəri dövlət sektorunda, 1 milyon nəfəri isə özəl sektorda fəaliyyət göstərir. 1 mart 2025-ci il tarixinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 10,2% artaraq 1043,6 manat olub.
M.Musayev qeyd edib ki, Azərbaycan iqtisadiyyatı modernləşmə, rəqabətədavamlılıq və innovativ yanaşmalarla yeni bir mərhələyə qədəm qoyub. Müasir biznes mərkəzləri, sənaye zonaları və texnoparkların inkişafı ilə paralel olaraq, insan kapitalı, kadr potensialı və əmək resurslarının səmərəli idarə olunması məsələləri ön plana çıxır.
Həmçinin, M.Musayev vurğulayıb ki, əmək məhsuldarlığı yalnız iqtisadi amillərlə deyil, həm də işçilərin psixoloji və fiziki rifahı ilə sıx bağlıdır. Bu səbəbdən, Konfederasiya olaraq iş yerlərində İş Sağlamlığı və Təhlükəsizliyi İdarəetmə Sistemi (İSO) kimi beynəlxalq standartların tətbiqini təşviq edirlər. Hal-hazırda ölkədə bu standartlara uyğun fəaliyyət göstərən müəssisələrin sayı əvvəlki illərlə müqayisədə 2,5 dəfə artıb.