BİZNES

25 Aprel

Brent markalı neftin bir barreli 65,86 dollara düşüb

Cümə günü neft qiymətləri ABŞ-Çin ticarət əlaqələri ilə bağlı qeyri-müəyyənlik və bazarda təklifin çoxluğu təhlükəsi səbəbindən ucuzlaşır və həftəni qırmızı ilə başa vurur.

Finss.az xəbər verir ki, Bakı vaxtı ilə saat 13:55-də Londonun ICE Futures birjasında Brent markalı iyun fyuçersləri 0,69 dollar (1,04%) ucuzlaşaraq bir barel üçün 65,86 dollar olub. Bu vaxta qədər WTI markalı neftin iyun fyuçersləri NYMEX birjasında 0,75 dollar (1,19%) ucuzlaşaraq 62,04 dollar/barelə bərabər olub.

Treyderlər ABŞ-Çin ticarət əlaqələri ilə bağlı qarışıq siqnallar çəkirlər. ABŞ prezidenti Donald Tramp dünən onun administrasiyasının Çinlə danışıqlar apardığını desə də, Pekin bunu inkar edir.

Çinin Ticarət Nazirliyinin sözçüsü He Yadonq cümə axşamı bildirib ki, tərəflər danışıqlar aparmır və irəliləyişlə bağlı hər hansı xəbəri "əsassız" adlandırıb.

Qərb mətbuatının yazdığına görə, Çin hökuməti bəzi Amerika mallarına 125% idxal rüsumunu dayandırmağı düşünür.

Bu həftənin əvvəlindən bəri həm Brent, həm də WTI təxminən 3% ucuzlaşıb.

Qiymətlərin enməsinə OPEC+ üzvü olan bir neçə ölkənin iyun ayında neft hasilatının artırılmasının sürətləndirilməsini təklif etmək niyyətində olduğu barədə mətbuatda yayılan xəbərlər də kömək edib. Hasil planlarını müzakirə etmək üçün növbəti OPEC+ görüşü mayın 5-də baş tutacaq.

LSEG analitiki Anh Pham deyib: "OPEC+ təklifi ilə bağlı narahatlıqlar davam edərkən, ticarət gərginliyi fonunda tələb proqnozu qeyri-müəyyən olaraq qaldığı üçün qiymətlər aşağıya doğru gedir".