İspaniya 2025-ci ildə müdafiə xərclərini artıracaq və NATO-nun ÜDM-in 2%-i hədəfinə çatacaq, Baş nazir Pedro Sançes bildirib. Onun sözlərini Avropa mətbuatı sitat gətirir.
Finss.az xəbər verir ki, "Bizim planımız hədəfə rekord müddətdə nail olmağımıza kömək edəcək. İspaniya Avropanın müdafiəsinə töhfə verəcək", - o deyib.
Bu məqsədlə Madrid 2025-ci ilə qədər müdafiə sahəsinə 10,5 milyard avro sərmayə qoymağı planlaşdırır.Xüsusən də bu vəsait silahların alınması, kibertəhlükəsizliyin gücləndirilməsi və silahlı qüvvələrin sayının artırılması üçün istifadə olunacaq.
"Bir neçə il əvvəl məndən hökumətimin təhlükəsizlik və müdafiə sahəsində investisiya prioritetləri barədə soruşsaydınız, cavabım fərqli olardı. Dəyərlərimiz dəyişdiyinə görə yox, dünya dəyişdiyinə görə", - Sançes vurğulayıb.
Avropa mediası İspaniyanın müdafiə xərclərinə görə digər Qərb ölkələrindən xeyli geri qaldığını qeyd edir. Belə ki, 2024-cü ildə Madridin müdafiə xərcləri ÜDM-in 1,3%-ni təşkil edib.
Yanvar ayında Davosda keçirilən Dünya İqtisadi Forumunda videobağlantı vasitəsilə danışan ABŞ prezidenti Donald Tramp NATO tərəfdaşlarının ÜDM-in ən azı 5%-ni müdafiəyə xərcləməsinə çalışacağını söylədi.