BİZNES

22 Aprel

Müəlliflik hüququndan istifadəyə görə verilən royalti ödənişlərindən vergi tutulurmu?

Gənc Tamaşaçılar Teatrında tamaşaya qoyulan əsərlərin müəllifi olan yazıçılara müəlliflik hüququndan istifadəyə görə müəyyən haqq ödənilir. Bu zaman aparılan royalti ödənişlərindən vergi tutulmalıdırmı?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, 2025-ci il yanvarın 1-dən Vergi Məcəlləsinə əlavə edilmiş 102.1.42-ci maddəyə əsasən, Azərbaycan Respublikasında teatr, muzey, simfonik orkestr, habelə film istehsalı, yayımı və dublyajı fəaliyyətinə aid qeyri-maddi aktivlər üzərində müəllif hüquqlarından istifadə olunmasına, yaxud istifadə hüquqlarının verilməsinə görə royalti gəlirləri 2025-ci il yanvarın 1-dən 5 il müddətinə gəlir vergisindən azaddır.

Buna əsasən, teatrda tamaşaya qoyulan əsərlərin müəllifi olan yazıçılara müəllif hüquqlarından istifadə olunmasına, yaxud istifadə hüquqlarının verilməsinə görə aparılan royalti ödənişlərindən bu ilin əvvəlindən 5 il müddətinə vergi tutulmur.

Əsas: Vergi Məcəlləsinin 102.1.42-ci maddəsi

©vergiler.az