Tədbirdə Çinlə investisiya tərəfdaşlığının genişləndirilməsi və şaxələndirilməsi imkanları ətrafında fikir mübadiləsi aparılıb, ölkəmizin təklif etdiyi biznes fürsətlərinə və potensial layihələrə dair təqdimatlar nümayiş olunub, dövlət və özəl qurumları arasında sənədlər imzalanıb.
Bu barədə Finss.az-a Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO məlumat verib.
Məlumata görə, Pekində AZPROMO, Azərbaycanın Çindəki ticarət nümayəndəsi Aparatı və Çinin Milli İnkişaf və İslahat Komissiyasının (NDRC) birgə təşkilatçılığı, Pekin şəhər İnkişaf və İslahat Komissiyasının dəstəyi ilə Çin-Azərbaycan Sənaye və İnvestisiya Əməkdaşlığının Təşviqi Konfransı keçirilib.
Tədbirə hər iki tərəfdən rəsmi şəxslərlə yanaşı, sənaye, energetika, nəqliyyat-logistika, kənd təsərrüfatı, İKT və digər sahələrdə fəaliyyət göstərən 200-dək sahibkar qatılıb.
Azərbaycanın Çindəki fövqəladə və səlahiyyətli səfiri Bünyad Hüseynov bildirib ki, dövlət başçılarımızın birgə səyləri, imzaladıqları mühüm sənədlər nəticəsində Azərbaycan-Çin əlaqələri strateji səviyyəyə çatıb və yüksələn xətlə inkişaf etməyə davam edir.
AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev isə son dövrlərdə ölkələrimizin iqtisadi-ticarət əlaqələrində müşahidə olunan müsbət dinamikadan bəhs edib, avtomobil, sənaye, İKT, nəqliyyat-logistika və iqtisadiyyatın digər sektorlarında birgə həyata keçirilən layihələri diqqətə çatdırıb.
Konfransda çıxış edən NDRC-nin Xarici Kapital Departamentinin baş direktorunun müavini xanım Can Cianhua və Pekin şəhər İnkişaf və İslahat Komissiyasının Baş direktorunun müavini Duan Yanhonq Azərbaycanın “Bir kəmər, bir yol” təşəbbüsünün həyata keçirilməsinə verdiyi dəstəyi və ölkəmizin bu qlobal təşəbbüsdə strateji mövqeyinin əhəmiyyətini xüsusi vurğulayıblar. Çinli rəsmilər Azərbaycan hökuməti tərəfindən xarici sərmayədarlar üçün yaradılmış əlverişli investisiya mühitini yüksək qiymətləndirib, Çin şirkətlərinin Azərbaycanda sənaye və infrastruktur layihələrində iştirakının stimullaşdırılmasında maraqlı olduqlarını bildiriblər.
Azərbaycanın Çindəki ticarət nümayəndəsi Teymur Nadiroğlu nümayəndəliyin ölkəmizin Çinlə ticarət və investisiya tərəfdaşlığının gücləndirilməsi istiqamətində gördüyü işlər barədə məlumat verib, Çinin “Bir kəmər, bir yol” təşəbbüsünün tərəfdarı olan Azərbaycanın əlverişli coğrafi mövqeyi və müasirləşən infrastrukturu ilə onun icrasına önəmli töhfələr verdiyini, bu çərçivədə ölkəmizin istehsal və ticarət fəaliyyətlərini birləşdirən mərkəz kimi əhəmiyyətini vurğulayıb.
Tədbirdə həmçinin Ələt Azad İqtisadi Zonasının səlahiyyətli qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov, Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru Fariz Cəfərov, eləcə də SOCAR, AZPROMO, "Azərbaycan Dəmir Yolları" QSC və Azərbaycan Bərpa Olunan Enerji Agentliyinin nümayəndələri ölkəmizin biznes iqlimi barədə çıxışlar ediblər, sənaye, mədənçilik, kənd təsərrüfatı və yaşıl enerji sahələrini təmsil edən Azərbaycan şirkətlərinin təmsilçiləri isə investisiya layihələrinin təqdimatlarını keçiriblər. Çin tərəfinə ümumilikdə 13 investisiya layihəsi təqdim olunub. Bununla yanaşı, konfrans iştirakçıları üçün yerli qurumlar tərəfindən göstərilən investisiya xidmətləri, təklif olunan güzəştlər və imtiyazlar barədə çap və vizual materialların təqdim olunduğu informasiya sərgisi təşkil olunub.
Tədbirdə həmçinin Azərbaycana sərmayə yatıran çinli investorlar uğur hekayələrini iştirakçılarla paylaşıblar.
Konfransda iki ölkənin dövlət qurumları və özəl şirkətləri arasında əməkdaşlığa dair bir sıra sənədlər imzalanıb. AZPROMO və KOBİA NDRC-nin Beynəlxalq Əməkdaşlıq Mərkəzi ilə, 4SİM isə Çin İnformasiya və Kommunikasiya Texnologiyaları Akademiyası və Ümumdünya Əşyaların İnterneti Konvensiyası (WIOTC) ilə anlaşma memorandumları imzalayıblar. Ümumilikdə tədbir çərçivəsində hər iki ölkənin dövlət və özəl qurumları arasında sənaye, o cümlədən avtomobil və yüngül sənaye, eləcə də ortaq investisiyaların təşviqi sahələrində əməkdaşlığı nəzərdə tutan 13 sənəd imzalanıb.
Konfrans B2B və B2G formatlarında görüşlərlə davam edib.
Fuad Mədətov
Finss.az














