Finss.az - İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru, iqtisad elmləri doktoru, professor Vüsal Qasımlı Oksford Universitetinin “Beynəlxalq Maliyyə və Bankçılıq Cəmiyyəti” (IFABS 2025) konfransında təqdimatla çıxış edib. 15-17 aprel tarixlərində Oksford Universitetinin Səid Biznes Məktəbində (Saïd Business School) keçirilən builki konfransın mövzusu “Maliyyə dayanıqlılığı yolu: qlobal landşaftda dəyişən çağırışların idarə olunması”dır. Qlobal elm ictimaiyyətinin 200-dən çox nümayəndəsi maliyyə sabitliyi, makroprudensial siyasət, iqlim riski və maliyyədə süni intellekt kimi vacib məsələləri müzakirə edir.
V.Qasımlı çıxışı zamanı “Risk premium şoku: lövbərlənməyən inflyasiya gözləntiləri və yüksək məzənnə keçidi vəziyyətində siyasət tədbirləri- Rumıniya təcrübəsi” adlı məqaləsini təqdim edib. İİTKM-in şöbə müdiri Vüsalə Cəfərova ilə birlikdə yazılmış tədqiqatda Rumıniyanın lövbərlənməyən inflyasiya gözləntiləri və yüksək məzənnə keçidi ilə qarşılaşdığı çətinliklər və inkişaf etməkdə olan ölkələr üçün vacib siyasət tədbirləri “DSGE” modelində təhlil edilir.
Konfransın açılışında IFABS prezidenti Meryem Duygun, İngiltərə Bankı (Bank of England) nümayəndəsi Eddi Gerba və Avropa Mərkəzi Bankı nümayəndəsi Manfred Kremer tərəfindən çıxışlar olub. 3 gün davam edəcək konfransda sessiyalar makromaliyyə əlaqələri, maliyyə siyasəti, “ESG” çərçivələri və maliyyə qərarlarında süni intellektin rolu kimi mövzuları əhatə edir.




Zemfira Ms
Finss.az