Bakıda Azərbaycan Respublikası ilə Moldova Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın 6-cı iclası keçirilib.
Finss.az xəbər verir ki, əvvəlcə iclas iştirakçıları Fəxri Xiyabanda Ümummilli Lider Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə gül dəstələri qoyublar. Daha sonra görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirəsi ehtiramla anılıb, məzarı üzərinə gül dəstələri düzülüb.
Nümayəndə heyəti həmçinin Şəhidlər Xiyabanında Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, məzarları önünə güllər düzüblər.
Daha sonra Azərbaycan Respublikası ilə Moldova Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın 6-cı iclası öz işinə başlayıb.
Tədbiri giriş sözü ilə açan Azərbaycan-Moldova iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın Azərbaycan tərəfindən həmsədri, kənd təsərrüfatı naziri Məcnun Məmmədov ölkəmizdə iqtisadiyyatın diversifikasiyası istiqamətində həyata keçirilən islahatlar barədə məlumat verib. 30 ildir ölkələrimiz arasında bütün sahələrdə əlaqələrin uğurla inkişaf etdiyini deyən nazir iqtisadi potensialı nəzərə alaraq, ticarət əlaqələrinin daha da şaxələndirilməsi, ticarət dövriyyəsini artırmağa hədəflənmiş addımların atılmasının vacibliyini qeyd edib. Həmsədr bildirib ki, birgə biznes forumlar, beynəlxalq sərgilərdə qarşılıqlı iştirak iki ölkənin işgüzar dairələri arasında əməkdaşlığı daha da gücləndirə bilər.
Hazırda işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı yenidənqurma işlərinin aparıldığını deyən nazir bərpa və quruculuq işlərində Azərbaycanın Moldova və digər tərəfdaş ölkələrin ən yaxşı təcrübələrindən istifadə edə biləcəyinə əminliyini ifadə edib. Ölkəmizdə etibarlı və əlverişli biznes mühitinin olduğunu xatırladan nazir moldovalı sahibkarları Azərbaycana investisiya yatırmağa, eləcə də respublikamızın nəqliyyat və logistika imkanlarından səmərəli istifadə etməyə çağırıb: “Azərbaycan Avrasiya regionunun etibarlı nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib. Dəniz limanları, dəmir yolu rabitəsi, hava limanları və avtomobil yolları, Şərq və Qərbi, Cənubla Şimalı birləşdirən müasir nəqliyyat infrastrukturu bizə səmərəli ticarət əlaqələrimizi artırmaq üçün böyük üstünlüklər verir. Mən hər iki tərəfdən investorları Azərbaycan və Moldovada iqtisadi zonaların üstünlüklərindən maksimum yararlanmağa çağırıram”.
Nazir Məcnun Məmmədov əlavə edib ki, Azərbaycan hökumətinin elektron idarəedilməsi sahəsində müxtəlif uğurlu layihələri mövcuddur. Qeyd olunub ki, Azərbaycanın uğurlu layihələrindən olan DOST modeli əsasında Moldovanın müxtəlif regionlarında pilot layihələr icra olunmaqdadır: “Biz bu istiqamətdə Moldova ilə əməkdaşlığı davam etdirmək barəsində və ən yaxşı təcrübələrimizi bölüşmək istiqamətində birgə razılıq əldə etdik”.
Moldova Respublikasının Baş nazirinin müavini, infrastruktur və regional inkişaf naziri, Azərbaycan-Moldova iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın həmsədri Vladimir Bolea öz növbəsində ölkəsinin Azərbaycanla dost ölkələr olduğunu, bütün sahələr üzrə tərəfdaşlıq münasibətlərini inkişaf etdirməyə maraq göstərdiyini deyib. İki ölkə arasında iqtisadi, eləcə də kənd təsərrüfatı sahəsində tərəfdaşlığı genişləndirmək üçün böyük potensialın olduğu vurğulanıb. Bildirilib ki, aqrar sahədə müasir texnologiyaların transferi, müştərək elmi tədqiqatların aparılması, aqrar sahədə mütəxəssis hazırlığı və aqrar məhsulların ixracı Azərbaycanla Moldovanın kənd təsərrüfatı sahəsində əməkdaşlığının əsas istiqamətləri ola bilər.
Daha sonra iclas iştirakçıları Azərbaycan-Moldova birgə hökumətlərarası komissiyanın 2023-cü il dekabrın 6-da Kişineuda keçirilmiş 5-ci iclasında qəbul olunmuş qərarların icra vəziyyətini müzakirə edib, bu istiqamətdə mühüm işlərin görüldüyünü bildiriblər. İclasda Azərbaycanla Moldova arasında ikitərəfli əməkdaşlığın istiqamətləri, enerji, nəqliyyat, kənd təsərrüfatı, texnologiya transferi, ticarət dövriyyəsinin artırılması, qarşılıqlı investisiyaların təşviqi, beynəlxalq yükdaşımaları, məhsulların üçüncü ölkələrə ixracı zamanı Orta Dəhlizin yaratdığı üstünlüklərdən istifadə və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Tərəflər iki ölkə arasında böyük turizm potensialının olduğunu nəzərə alaraq birbaşa uçuşların sayının artırılması barədə razılığa gəliblər.
İclasın sonunda Azərbaycan-Moldova arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın 6-cı iclasının yekunlarına dair protokolu təsdiqlənib. Sənəd iki ölkə arasında ticarət dövriyyəsinin artırılması, kənd təsərrüfatı, qida təhlükəsizliyi, energetika, nəqliyyat, elmi-texniki və humanitar, sosial, səhiyyə, mədəniyyət, əqli mülkiyyət, ətraf mühit, idman və turizm sahələrində ikitərəfli əməkdaşlığı daha da inkişaf etdirməyi nəzərdə tutur. Yekun protokolda həmçinin iki ölkə arasında ikitərəfli münasibətlərin hüquqi-normativ bazasının daha da təkmilləşdirilməsi niyyəti öz əksini tapıb.
Daha sonra Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə Moldova Respublikasının Milli Qida Təhlükəsizliyi Agentliyi arasında baytarlıq sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Memorandumda baytarlıq sahəsində qarşılıqlı əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur. İclasda həmçinin Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi ilə Moldova Respublikasının Energetika Nazirliyi yanında Milli Dayanıqlı Enerji Mərkəzi arasında “Bərpa olunan enerji sahəsində əməkdaşlığın təşviqi haqqında” Anlaşma Memorandumu imzalanıb. Memorandum enerji sahəsində, eyni zamanda bərpa olunan enerji mənbələrindən istifadəyə dair təcrübə mübadiləsinin genişləndirilməsi, bərpa olunan enerji texnologiyalarını və innovativ həlləri inkişaf etdirmək üçün tədqiqat təşəbbüsləri üzərində əməkdaşlığın inkişaf etdirilməsini ehtiva edir.
Tərəflər Azərbaycan-Moldova iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın 7-ci iclasının gələn il Kişineuda keçirilməsi barədə razılığa gəliblər.
Fuad Mədətov
Finss.az










