BİZNES

11 Aprel

Təlimçi kimi xidmət göstərən fərdi sahibkar 75 faizlik güzəştdən yararlana bilərmi?

Finss.az - Mən təlimçi kimi hüquqi şəxslərə xidmət göstərirəm. Bilmək istərdim ki, bu fəaliyyət növü ilə məşğul olduğum zaman illik gəlirim 45.000 manatdan az olsa, gəlirlərimin 75 faizi gəlir vergisindən azad edilirmi?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 102.1.30-1-ci maddəsinə əsasən, bu maddədə qeyd olunan fəaliyyət növləri ilə məşğul olan və həmin fəaliyyət növlərindən təqvim ili üzrə əldə etdiyi gəlirlərin (xərclər nəzərə alınmadan) həcmi 45.000 manatadək olan fiziki şəxslərin həmin fəaliyyətdən əldə etdikləri gəlirlərinin 75 faizi gəlir vergisindən azaddır.

Bu fəaliyyət növlərinə elm, təhsil, mədəniyyət və idman sahəsində göstərilən xidmətlər aid edilir. Sorğuya əsasən bildiririk ki, təlim fəaliyyətiniz bu sahələrə aiddirsə, qeyd olunan güzəştdən istifadə edə bilərsiniz.

Əlavə olaraq bildirilib ki, nəzərdə tutulan fəaliyyət sahələrində muzdlu işçi kimi çalışan fiziki şəxsin əmək müqaviləsinə xitam verildiyi, həmin fəaliyyətlə fərdi sahibkar kimi məşğul olduğu və fərdi sahibkar kimi fəaliyyətə başladığı tarixdən 1 il müddətində eyni xidmətləri tam və ya qismən əvvəlki işəgötürənə göstərdiyi halda, həmin fərdi sahibkara bu Məcəllənin 102.1.30-1-ci maddəsində nəzərdə tutulan güzəşt şamil edilmir. Qeyd olunub ki, Vergi Məcəlləsinin 102.1.30-1-ci maddəsində nəzərdə tutulan fəaliyyət sahələri ilə məşğul olan fiziki şəxs eyni zamanda digər fəaliyyət sahəsi ilə də məşğul olduqda, həmin maddədə nəzərdə tutulan güzəşt hüququndan o halda istifadə edə bilər ki, bu Məcəllənin 102.1.30-1-ci maddəsində qeyd olunan fəaliyyət sahələrindən əldə edilən illik gəlirlərin illik ümumi gəlirlərdə xüsusi çəkisi 50 faizdən az olmasın.

Əsas: Vergi Məcəlləsinin 102-ci maddəsi

©vergiler.az

 

Zemfira Ms
Finss.az