2025-ci ilin 1 aprel tarixinə ölkə üzrə vergi uçotunda olan vergi ödəyicilərinin ümumi sayı 1 milyon 614 min 737 nəfərə çatıb. Onların 87%-ni fiziki şəxslər, 13%-ni isə hüquqi şəxslər və digər təşkilatlar təşkil edir.
Finss.az Dövlət Vergi Xidmətinin məlumatına əsasən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 5% artıb. Fiziki şəxslərin sayı 4,6%, hüquqi şəxslərin sayı isə 7,6% artışla qeyd alınıb.
Hazırda dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərin 91,6%-i məhdud məsuliyyətli cəmiyyət (MMC) formasındadır. Səhmdar cəmiyyətlər və kooperativlər isə hər biri 1,1%-lik paya malikdir.
Aprelin 1-nə qeydiyyatda olan kommersiya qurumlarının ümumi sayı 193 min 780 vahidə çatıb ki, bu da illik müqayisədə 8,2%-lik artım deməkdir.
Yeni yaradılan şirkətlərin əksəriyyəti e-qeydiyyatdan keçib
Cari ilin ilk üç ayında – yanvar-mart dövründə 3 min 479 yeni kommersiya qurumu dövlət qeydiyyatına alınıb. Onların 89%-i yerli, 11%-i isə xarici investisiyalıdır.
Qeydiyyat prosesində rəqəmsal yanaşmanın üstünlüyü açıq görünür: yeni qeydiyyatdan keçən kommersiya qurumlarının 86%-i elektron formada yaradılıb. Yerli investisiyalı MMC-lər üzrə bu göstərici daha yüksəkdir – 97%.
Fuad Mədətov
Finss.az