BİZNES

04 Fevral

Çin iki ABŞ şirkətinə məhdudiyyətlər qoyur

Çin Amerikanın PVH və Illumina şirkətlərini etibarsız təşkilatlar siyahısına əlavə edib. Fins.az xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Ticarət Nazirliyi məlumat yayıb.

Mətbuat xidmətinin məlumatına görə, şirkətlərə qarşı sanksiyalar “milli suverenliyin, təhlükəsizliyin və inkişaf maraqlarının qorunması” məqsədi ilə tətbiq edilib. Nəşr bildirir ki, PVH və Illumina bazar razılaşmalarını pozub, Çin tərəfi ilə sövdələşmələrə xitam verib və ölkə şirkətlərinə qarşı ayrı-seçkilik tədbirləri tətbiq edib. Bundan başqa, şirkətlər Çin tərəfinin hüquq və mənafelərinə ciddi ziyan vurub.

PVH Corp. Tommy Hilfiger və Calvin Klein geyim markalarının sahibidir. Korporasiyanın nümayəndələri Sincan-Uyğur Muxtar Bölgəsindən məhsulların boykot edilməsində iştirak ediblər. Illumina Amerika biotexnologiya şirkətidir.

Bundan əvvəl 4 Amerika şirkətinin Tayvana silah satdığına görə Çinin etibarsız qurumlar siyahısına salındığı bildirilirdi. Siyahıya AEVEX Aerospace, Summit Technologies Inc, Pacific Rim Defence və LKD Aerospace daxildir.