BİZNES

08 Yanvar

2025-ci ildə pensiya artımları davam edəcək

Fins.az - Aparılan islahatlar çərçivəsində pensiya artımlarının davamlı xarakter alması, pensiya təminatı üzrə ödənilən vəsaitlərin də mütəmadi artımını təmin edir. Növbəti sosial islahat paketi çərçivəsində gələn ayın 1-dən minimum pensiyanın 280 manatdan 320 manata çatdırılması və bu ilin əvvəlindən pensiyaların indeksləşdirilərək artırılması planlaşdırılır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumatına görə, bu artımlarla əlaqədar olaraq, 2025-ci ildə də pensiyaların ödənilməsi xərclərində artım dinamikası davam edəcək. Cari ildə əmək pensiyalarının ödənilməsi üçün 7 milyard 210 milyon 530 min manat ayrılması nəzərdə tutulub ki, bu da keçən il müvafiq istiqamətdə ayrılan vəsaitdən 710 milyon manat və ya 11 faiz çoxdur. Ümumilikdə isə pensiyalar üzrə ayrılan illik vəsait 2018-ci ildən bu yana iki dəfə artıb.