BİZNES

07 Yanvar

Vergi dərəcəsi 10%-dən 5%-ə endirilib

Fins.az - Vergi Məcəlləsində investisiya mühitinin və sahibkarlıq fəaliyyətinin təşviqi, eləcə də sahibkarlıq subyektlərinin vergi yükünün azaldılması məqsədilə dəyişiklik edilib. Dəyişikliyə əsasən, qeyri-rezidentin daimi nümayəndəliyinin xalis mənfəətindən ödəmə mənbəyində tutulan verginin dərəcəsi 10 faizdən 5 faizə endirilib.

Dövlət Vergi Xidmətinin məlumatına görə, ötən il dividendlər üzrə ödəmə mənbəyində vergi dərəcəsi 10 faizdən 5 faizə endirilib. Dövlət və yerli özünüidarəetmə orqanlarının, büdcə təşkilatlarının, dövlətin adından yaradılan publik hüquqi şəxslərin dividend gəlirlərinə görə vergi azadolması 5 faizlik dərəcə ilə əvəz olunub.

Dəyişikliklər ölkəmizin regionda əlverişli investisiya mühitinə malik ölkəyə çevrilməsi prosesini sürətləndirmək, kapital bazarlarında səhmlərə investisiya cəlb etmək və kapital bazarı iştirakçısı olmayan investorlar üçün sabit və aşağı dərəcəli vergi mühiti formalaşdırmaq məqsədini güdür.

Bu ildən qüvvəyə minən dəyişikliklərə görə, rezident vergi ödəyiciləri ilə bərabər iqtisadi şəraitin yaradılması məqsədilə qeyri-rezidentin daimi nümayəndəliyinin xalis mənfəətindən həmin qeyri-rezidentə köçürülən məbləğdən ödəmə mənbəyində tutulan verginin dərəcəsi 10 faizdən 5 faizə endirilib.