BİZNES

27 Mart

Horadiz-Ağbənd dəmir yolu: Azərbaycanın Asiya və Avropaya nəqliyyat əlaqələrini gücləndirəcək

Hazırda Horadiz-Ağbənd dəmiryolu xətti üzrə işlər həyata keçirilir.

Finss.az xəbər verir ki, bunu “Azərbaycan – transkontinental mega marşrutların 'Şərq-Qərb' və 'Şimal-Cənub' kəsişmə nöqtəsində” mövzusunda təşkil edilmiş dəyirmi masada Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) Nəqliyyat siyasəti şöbəsinin aparıcı məsləhətçisi Aytən Turabova bildirib.

A.Turabova vurğulayıb ki, bu dəmir yolu xətti Azərbaycan üçün böyük əhəmiyyət daşıyır. Onun sözlərinə görə, bu dəmir yolu bilavasitə Zəngəzur dəhlizinə birləşəcək və ölkənin Naxçıvan və Türkiyə ilə əlaqəsini təmin edəcək. "Ümumiyyətlə, Zəngəzur dəhlizinin açılması, hesablamalara görə, Orta Dəhlizin yükdaşıma qabiliyyətini 10-12 milyon ton artıracağı gözlənilir," - deyə o qeyd edib.

Orta Dəhliz, Asiya ilə Avropanı birləşdirən və bir neçə region ölkəsindən keçən nəqliyyat və ticarət yoludur. Bu marşrut ənənəvi Şimal və Cənub dəhlizlərinə alternativ olaraq təklif edilir. Marşrut Çindən başlayaraq, Qazaxıstan, Özbəkistan və Türkmənistan kimi Mərkəzi Asiya ölkələrindən keçir. Daha sonra Xəzər dənizini keçərək, Azərbaycan, Gürcüstan və Türkiyə vasitəsilə Avropaya çatır. Orta Dəhliz, Asiyanın şərq hissələrini, o cümlədən Çini, Avropa ilə birləşdirən quru marşrutunu təmin edir və uzun dəniz yollarından yan keçməyə imkan verir.