BİZNES

27 Dekabr

2024-cü ildə daşıyıcılara 1624 ədəd “TİR Karnet” kitabçası verilib

2024-cü ildə 1305 daşıyıcıya və 178 operatorun məsul şəxsinə 133 ədəd Beynəlxalq Daşımalar (BYD) sertifikatı üzrə təlimlər keçirilib və şəhadətnamələr verilib.

Fins.az xəbər verir ki, bu barədə Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasının (ABADA) baş katibi Kənan Qurbanov, qurumun illik hesabatı zamanı məlumat verib.

Qeyd edilib ki, eyni zamanda, hesabat dövründə 330 daşıyıcıya təhlükəli yüklərin daşınması üzrə təlim kursları təşkil edilərək şəhadətnamələr təqdim olunub. 2024-cü ildə daşıyıcılara 1624 ədəd “TİR Karnet” kitabçası verilmişdir.

Kənan Qurbanov əlavə edib ki, bu il ABADA, Birləşmiş Millətlər Təşkilatının İqtisadi Şurasının elektron əmtəə nəqliyyat qaiməsi (e-SMR) tətbiqi ilə bağlı tədbirlərdə və Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində keçirilmiş Beynəlxalq İqtisadi Forum çərçivəsində "Şimal–Cənub" beynəlxalq nəqliyyat dəhlizinin inkişafı ilə bağlı "dəyirmi masa"da iştirak edib.

Hesabat dövründə ABADA üzvlərinin ümumi yığıncaqları və hər ay mütəmadi olaraq İdarə Heyətinin iclasları keçirilmişdir.

Rusiya Federasiyasının Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyası ilə əməkdaşlıq haqqında memorandum imzalanmış, həmçinin qurum Türkiyə Respublikası və İran İslam Respublikası nəqliyyat qurumları ilə görüşlərdə iştirak edib.

Beynəlxalq daşımaların inkişafı və təhlükəli yüklərin beynəlxalq daşımaları haqqında Konvensiyaya uyğun olaraq, normativ sənədlərin hazırlanması və avtodaşıyıcıların xarici ölkələrdə qarşılaşdığı problemlərin həlli məqsədilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə təkliflər təqdim edilib.

Hesabat dövründə BYD kitabçasının istifadəsinin genişləndirilməsi məqsədilə tədbirlər həyata keçirilib və bu məqsədlə Dövlət Gömrük Komitəsinin əməkdaşları ilə görüşlər təşkil olunub.

"ABADA cari ildə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QDİƏT) üzv ölkələrin Assosiasiyalarının Konfederasiyasının (BSEC – URTA) iclasında, Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqının (İRU) Baş Assambleyasının iclasında, "Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Forumu"nda, CLDP, USAD, İRU və GiZ beynəlxalq təşkilatlarının təşəbbüsü ilə keçirilmiş Trans-Xəzər və Logistika beynəlxalq iclasında iştirak edib", - deyə K.Qurbanov diqqətə çatdırıb.