1995-2024-cü illər arasında Azərbaycanın Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrlə qarşılıqlı investisiya qoyuluşu təxminən 37 milyard ABŞ dolları təşkil edib.
Fins.az xəbər verir ki, bu barədə Azərbaycanın İqtisadiyyat nazirinin I müavini Elnur Əliyev Bakıda keçirilən Türk Ticarət və Sənaye Palataları Birliyinin Baş Assambleyasında məlumat verib.
Elnur Əliyev bildirib ki, bu məbləğin 17 milyard ABŞ dolları TDT ölkələrinin Azərbaycana, 20 milyard ABŞ dolları isə Azərbaycanın TDT ölkələrinə investisiya qoyuluşunun payına düşüb.
Azərbaycan rəsmisi əlavə edib ki, ölkə bütün türk dövlətləri ilə sərmayələrin təşviqi və qorunması barədə razılaşmalar imzalayıb və bu, əlaqələrin daha da gücləndirilməsi üçün hüquqi zəmin yaradır.
O, həmçinin Orta Dəhliz, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu xətti və digər layihələrin investisiya əməkdaşlığının maksimum reallaşdırılmasına əlavə imkanlar açdığını vurğulayıb.
Azərbaycanın 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf strategiyası çərçivəsində ölkənin regional hub və elektron ticarət mərkəzinə çevrilməsi, tranzit yükdaşıma və logistika əməliyyatlarının həcminin artırılması hədəfləri olduğunu qeyd edib. Bu məqsədlə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi üzrə kompleks tədbirlər həyata keçirilir. Ələt Azad İqtisadi Zonası (AFEZ) və sənaye zonaları bu strategiyanın əsas istiqamətlərindən biri olaraq qeyd olunub və AFEZ rezidentlərinə vergi güzəştləri və qazancın sərbəst şəkildə repatriasiya olunması təmin edərək ixrac məqsədli yüksək dəyərli məhsullar istehsal etməyə imkan verilir.