Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyev Bakıda keçirilən Türk Ticarət və Sənaye Palataları Birliyinin Baş Assambleyasında Orta Dəhlizdə yükdaşımanı asanlaşdıracaq rəqəmsal layihələr üzərində iş aparıldığını bildirib.
Fins.az xəbər verir ki, K.Ömüralıyev, TDT ölkələrinin təşəbbüsləri nəticəsində Orta Dəhlizdə mühüm irəliləyişlər əldə edildiyini vurğulayıb. O, xüsusilə Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu layihəsinin Orta Dəhlizin cənub hissəsinin inkişafında əhəmiyyətli rol oynayacağını qeyd edib. Bu layihənin regional inteqrasiyaya töhfə verəcəyinə inandığını bildirib.
Qeyd edək ki, 2023-cü ilin yanvar-noyabr aylarında Orta Dəhlizlə yük daşımalarının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 63% artaraq 4,1 milyon tona çatıb. Həmçinin, konteyner daşımaları 1 il əvvəlki dövrə nisbətən 2,6 dəfə artaraq 50,5 min TEU təşkil edib. Bu artım, Orta Dəhlizin nəqliyyat sahəsindəki uğurlu əməkdaşlığın və iqtisadi inkişafın göstəricisidir.