Finss.az - 2025-ci ilin yanvar-fevral ayında Azərbaycanda əmtəəlik neft hasilatı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 6,2% azalıb, əmtəəlik qaz hasilatı isə 0,1% artıb.
Hesabat dövründə ölkə ümumilikdə 4 478,7 min ton neft hasil edib ki, bu da 6,2% azalma deməkdir. Qaz hasilatı isə 8 005,6 mln. kubmetr olub, burada azalma 2,9% təşkil edib.
2025-ci ilin ilk iki ayında Azərbaycanın neft-qaz sektoruna 618,6 mln. manat həcmində investisiya yönəldilib. Lakin, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu sahəyə yönəldilən vəsaitlərdə 31,6% azalma müşahidə olunub.
Yanvar-fevral aylarında Azərbaycan neft kəmərləri ilə 6 048,7 min ton neft ixrac edib. Bu göstərici əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,1% azalıb. Həmin dövr ərzində neftin böyük hissəsi – 73,2%-i Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri ilə daşınıb. BTC vasitəsilə ötürülən neftin həcmi isə 4 429,5 min ton olub ki, bu da illik müqayisədə 6,3% azalma göstərir.
BTC kəməri ilə nəql edilmiş neftin 83,9%-i Azərbaycanda hasil edilən neft olub (4,2% azalma), qalan 16,1%-ini isə Türkmənistan və Qazaxıstandan daxil olan neft təşkil edib.
Yanvar-fevral aylarında Azərbaycanın magistral qaz kəmərləri ilə 7 108,3 mln. kubmetr qaz ixrac edilib. Bu göstərici əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,2% azalma nümayiş etdirir. Magistral kəmərlər ilə qaz nəqlinin 48%-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib. Bu boru kəməri ilə ötürülən qazın həcmi 3 412,9 mln. kubmetr olub ki, bu da 4,8% azalma deməkdir.
© apa.az