Finss.az - Azərbaycan İnvestisiya Şirkətinin vəsaitləri ilə həyata keçirilən layihələrdə cəlb olunan investisiya məbləği 1,7 milyard manata çatıb, o cümlədən 476 milyon manat birbaşa xarici investisiyadır.
Son beş ildə Azərbaycan İnvestisiya Şirkətinin (AİŞ) vasitəsilə ölkədə həyata keçirilən layihələrə qoyulan ümumi yatırım 1,7 milyard manata yüksəlib. Bu investisiyalar iqtisadi inkişafın sürətləndirilməsi və yeni istehsal müəssisələrinin tikintisinə yönəldilib.
İqtisadiyyat Nazirliyinin məlumatına görə, AİŞ-in yatırdığı hər 1 manata görə beynəlxalq və yerli investorlardan 6,5 manat cəlb olunub. Birbaşa xarici investisiyalar üzrə isə bu nisbət hər 1 manata 1,62 manat təşkil edib. Cəlb edilən investisiyalar 23 layihəyə, o cümlədən 19 yeni istehsal müəssisəsinin tikintisinə sərf edilib. Bu layihələr, həmçinin iqtisadiyyatın diversifikasiyasını təmin etmək məqsədi güdür.
Lisenziyaların verilməsi və icazə prosedurlarının sadələşdirilməsi sahibkarlara daha əlverişli şərait yaradır. İqtisadiyyat Nazirliyi tərəfindən həyata keçirilən islahatlar nəticəsində lisenziya tələb olunan fəaliyyət növlərinin sayı 59-dan 30-a, icazələrin sayı isə 330-dan 85-ə azaldılıb. Bundan başqa, lisenziya verilməsi ilə bağlı ödənilən dövlət rüsumları təxminən iki dəfə azaldılıb və prosedurlar sadələşdirilib.
Sahibkarlıq mühitinin inkişafı üçün xarici tərəfdaşlarla birgə layihələr və müştərək investisiya fondlarının yaradılması mühüm əhəmiyyət kəsb edir. Azərbaycanın Qırğızıstan, Özbəkistan, Qazaxıstan, Birləşmiş Ərəb Əmirlikləri və Türk Dövlətləri Təşkilatı ilə birgə investisiya fondu yaratması ölkələr arasında ticarət və investisiya əməkdaşlığını genişləndirir.