BİZNES

18 Mart

Azərbaycanda pivot suvarma sistemləri ilə təsərrüfatların artımı və subsidiyaların təsiri

Son 4 ildə Azərbaycanda müasir (pivot) suvarma sistemləri ilə təmin olunan təsərrüfatların sahəsi 80 min hektardan 120 min hektara çatdırılıb.

Finss.az xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyinin torpaqdan istifadəyə nəzarət şöbəsinin müdiri Firudin Tağıyev məlumat verib.

Pivot suvarma sistemlərinin genişləndirilməsi, Aqrar Subsidiya Şurasının qərarları ilə dəstəklənir və belə təsərrüfatlara 60 faiz çox subsidiya verilərək bu sahə təşviq olunur.

F.Tağıyev qeyd edib ki, ölkədə pivot suvarma sistemlərinin tətbiqinin genişlənməsi məsələsində Prezident İlham Əliyevin 19 iyul 2022-ci il tarixli fərmanının xüsusi rolu olub. Fərmanla, ərzaqlıq buğda istehsalını artırmaq məqsədilə pivot suvarma sistemləri olan təsərrüfatlara əlavə olaraq hər ton məhsul üçün 100 manat məhsul subsidiyası verilmişdir. Bu sənəd, həmçinin buğda istehsalını artırmaq və özünütəminət səviyyəsini yüksəltmək məqsədini güdür.

F.Tağıyev bildirib ki, bu sahədə artıq 22-24 min hektar ərazidə ərzaqlıq buğda əkilib və müasir suvarma sistemləri ilə bağlı uğurlu nəticələr əldə edilib.

Nazirlik rəsmisi əlavə edib ki, hazırda təsərrüfatlardan gələn müraciətlər əsasında problemlər ümumiləşdirilir və həll edilir. Bunlar əsasən elektrik enerjisi, su təchizatı və torpağın təyinatı ilə bağlıdır. F.Tağıyev, bəzi təsərrüfatlarda isə hər hansı problem olmadığını, həmçinin işçi qrupunun problemlərin həlli istiqamətində fəal fəaliyyət göstərdiyini vurğulayıb. Ötən il pivot suvarma sistemli təsərrüfat qurmaq istəyən şəxslərin enerji problemləri aradan qaldırılıb, bu il isə su təchizatı problemlərinin həlli istiqamətində tədbirlər görüləcək.

F.Tağıyev ölkədə pivot suvarma sistemlərinin qurulmasında böyük hədəflərin olduğunu və hər il 4-5 min hektar ərazinin bu sistemlə təmin edildiyini vurğulayıb. Hazırda bu sistemlərin tətbiq edilə biləcəyi sahələrin müəyyənləşdirilməsi və genişləndirilməsi məqsədilə aidiyyəti qurumlarla birgə işlər aparılır.