BİZNES

17 Mart

Qeyri-neft sənayesi 6,7% artıb, amma ümumi istehsal 1,9% azalıb - Vüqar Bayramov

2025-ci ilin ilk iki ayında Azərbaycanda 10 milyard 700 milyon manatlıq sənaye məhsulu istehsal edilib ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 1,9% azalma deməkdir.

Finss.az-ın məlumatına görə, bunu Milli Məclisin deputatı Vüqar Bayramov sosial şəbəkə hesabında yazaraq bildirib ki, sənaye istehsalındakı azalmaya əsasən neft-qaz sektorundakı hasilatın azalması səbəb olub. Belə ki, 2025-ci ilin yanvar-fevral aylarında neft-qaz sektorunda sənaye istehsalı 3,2% azalıb, qeyri-neft-qaz sektorunda isə əksinə, 6,7% artım müşahidə olunub.

Həmin dövrdə əmtəəlik neft hasilatı 6,2% azalaraq ümumi sənaye istehsalına mənfi təsir göstərib. Bunun əksinə olaraq, əmtəəlik qaz hasilatı cüzi – 0,1% artıb.

Sənaye məhsulunun strukturunda mədənçıxarma sektoru 60,9% paya sahib olduğu üçün neft-qaz istehsalındakı azalma ümumi sənaye istehsalında geriləməyə səbəb olub. Digər sahələrin pay bölgüsü isə belədir:

  • Emal sektoru – 31,8%
  • Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı – 6,4%
  • Su təchizatı, tullantıların təmizlənməsi və emalı sektoru – 0,9%

Deputat bildirib ki, sənaye sektorunda azalmanın müvəqqəti xarakter daşıdığı və ilin sonrakı aylarında artımın bərpa ediləcəyi gözlənilir. Neft-qaz hasilatındakı azalmanın mövsümi faktorlarla bağlı olduğu vurğulanır və 2025-ci ilin ümumi sənaye artım proqnozlarına illik yekunda nail olunacağı ehtimal edilir.

Fuad Mədətov
Finss.az