Finss.az - Azərbaycan və Şimali Makedoniya arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi fonunda ikitərəfli əlaqələr siyasi, iqtisadi, mədəni və humanitar sahələrdə getdikcə genişlənir. Hər iki ölkə beynəlxalq təşkilatlar çərçivəsində bir-birini dəstəkləyir və qlobal məsələlərdə ortaq maraqları təşviq edir. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Strateji planlaşdırma şöbəsinin aparıcı məsləhətçisi Lətif Zeynallı bildirib ki, son 5 ildə iki ölkə arasında ticarət dövriyyəsi 730.8 milyon ABŞ dollarından 1,564.51 milyon ABŞ dollarına qədər yüksəlib. Bununla yanaşı, son illərdə Azərbaycan və Şimali Makedoniya arasında siyasi dialoq nəzərəçarpacaq dərəcədə intensivləşib və ikitərəfli əməkdaşlığın inkişafına yönəlmiş bir sıra mühüm təşəbbüslər həyata keçirilib. Şimali Makedoniya Respublikasının Prezidenti Qordana Silyanovska-Davkovanın ölkəmizə səfərində də iki ölkə arasında ticari-iqtisadi əməkdaşlığın genişləndirilməsi, enerji sahəsində strateji tərəfdaşlığın möhkəmləndirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib. Prezident İlham Əliyev çıxışı zamanı Azərbaycanın 12 ölkəyə, o cümlədən 10 Avropa dövlətinə təbii qaz ixrac etdiyini vurğulayaraq, son aylarda iki ölkə arasında energetika sahəsində əməkdaşlığın başladığını, Azərbaycan qazının artıq Şimali Makedoniyanın bazarına çatdırıldığını və bu prosesin müntəzəm xarakter daşıyacağını qeyd edib. Dövlət başçısı Azərbaycan qaz təchizatının gələcəkdə artırılmasının mümkünlüyünü vurğulayaraq, ölkənin yeni qaz yataqlarının istismara verilməsi istiqamətində fəal işlər aparıldığını bildirib.
Lətif Zeynallı qeyd edib ki, Azərbaycanın Balkan yarımadası dövlətləri ilə əlaqələrinin genişlənməsi xarici siyasətinin əsas prioritet istiqamətlərindən biri olmaqla, ölkəmizin Avropa və Asiya arasında geosiyasi mövqeyinin möhkəmləndirilməsi, iqtisadi əlaqələrin dərinləşdirilməsi və bölgə ilə strateji tərəfdaşlıq əlaqələrinin qurulması baxımından mühüm əhəmiyyət kəsb edir. Ölkəmizin qlobal neft və qaz layihələri, həmçinin energetika sahəsində həyata keçirdiyi geniş infrastruktur işləri Şimali Makedoniyanın maraq dairəsinə daxil olmaqla bu ölkənin regionun enerji təhlükəsizliyinə töhfəsini artırma potensialını göstərir. Cənub Qaz Dəhlizi, Trans Anadolu Qaz Kəməri (TANAP) və Trans Adriatik Qaz Kəməri (TAP) kimi layihələrdə Azərbaycanın əməkdaşlıq etdiyi ölkələrin bir çoxunun Şimali Makedoniya ilə sıx əlaqələri mövcuddur ki, bu da tərəfdaşlar arasında enerji və ticarət əlaqələrinin inkişafına mühüm töhfə verir.
Lətif Zeynallı əlavə edib ki, Azərbaycan və Şimali Makedoniya arasında enerji sahəsindəki əməkdaşlıq Azərbaycanın Qərb istiqamətində, xüsusilə son illər daha da aktuallaşan enerji təhlükəsizliyi məsələsində güclənən mövqeyini və rolunu bir daha ifadə edir. Avropa birjalarında təbii qazın qiymətinin artması Balkan dövlətlərini ciddi şəkildə düşündürür və belə olduğu halda, enerji təhlükəsizliyinin təmin olunması məqsədilə alternativ həllərin araşdırılması zəruriləşir. Bununla yanaşı, Avropanın 4 ölkəsində - Macarıstan, Slovakiya, Çexiya və Avstriyada enerji problemlərinin artması gözlənilir. Bu baxımdan, Azərbaycanın zəngin enerji ehtiyatlarından faydalanmaq bu ölkələrin maraq dairəsindədir. Bu əməkdaşlıq həmçinin Azərbaycanın beynəlxalq enerji bazarlarında daha geniş təsir imkanlarına sahib olmasını və enerji nəqliyyat dəhlizləri üzərindən regional təsir gücünü artırmasını təmin edir. Beləliklə, Azərbaycan və Şimali Makedoniya əlaqələri enerji təhlükəsizliyinin təmin olunmasında strateji əhəmiyyət kəsb edən bir faktora çevrilir.

Zemfira Ms
Finss.az