BİZNES

12 Mart

Qeyri-rezidentə göstərilən xidmətlər üçün əldə edilən gəlirin ƏDV-yə cəlb olunması

Vergi Məcəlləsinin 168.1.5-ci maddəsinə əsasən, bu maddədə göstərilən xidmətlər üzrə işlərin və ya xidmətlərin alıcısının yerləşdiyi və ya qeydiyyatda olduğu, təsis edildiyi, işlər və ya xidmətlər alıcının daimi nümayəndəliyi ilə bilavasitə bağlı olduğu halda, həmin daimi nümayəndəliyin olduğu yer ƏDV məqsədləri üçün işlərin görüldüyü və ya xidmətlərin göstərildiyi yer sayılır. 

Bəs qeyri-rezidentə göstərilən xidmətlərə görə əldə edilən gəlirlər ƏDV-yə hansı formada cəlb olunur?

Finss.az xəbər verir ki, “vergiler.az”ın sualına “Turan” Tədris Mərkəzinin təlimçisi və iqtisadçı-ekspert Mahmud Abasquliyev aydınlıq gətirir:

Qeyri-rezidentlərə göstərilən xidmətlərə görə əldə edilən gəlirlərin ƏDV-yə cəlb olunmasının 3 halı mümkündür. Vergi Məcəlləsinin 159.2-ci maddəsində göstərilib ki, bu fəslin müddəalarına uyğun olaraq vergidən azad edilən malların göndərilməsindən, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən başqa, müstəqil sahibkarlıq fəaliyyəti və ya hüquqi şəxs yaratmadan birgə sahibkarlıq fəaliyyəti çərçivəsində malların göndərilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi bu Məcəllənin 167-ci və ya 168-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikasının ərazisində həyata keçirilirsə, vergi tutulan əməliyyatlar sayılır. Məcəllənin 168-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının hüdudlarından kənarda xidmətlər göstərilməsi və ya işlər görülməsi vergi tutulan əməliyyatlara daxil edilmir.

Birinci hal: Rezident müəssisə qeyri-rezidentə Azərbaycan Respublikasının hüdudları daxilində xidmət göstərərsə, o zaman rezidentin aldığı xidmət haqqının məbləği ƏDV bəyannaməsində əks etdirilərək 18% dərəcə ilə vergiyə cəlb olunacaq.

Misal 1: “AA” MMC İtaliyada fəaliyyət göstərən şirkətə (qeyri-rezident) Azərbaycan Respublikası daxilində hüquq sahəsində xidmət göstərib. Həmin şirkət İtaliyadakı bank hesabından MMC-nin Azərbaycandakı bank hesabına 10.000 manat xidmət haqqı və 1800 manat (cəmi 11.800 manat) əlavə ödəniş edib. Bu zaman “AA” MMC ƏDV bəyannaməsinin Əlavə 3-də həmin məbləğin 1800 manatını ayıraraq dövlət büdcəsinə öhdəliyi formalaşdıracaq.
Büdcəyə ƏDV öhdəliyi: (11.800 : 118%) x 18% = 1.800 manat.

İkinci hal: Əgər rezident müəssisə qeyri-rezidentə onlayn qaydada xidmət göstərərsə, rezidentin bank hesabına qeyri-rezidentin ödədiyi məbləğ ƏDV-yə 0 faiz dərəcəsi ilə cəlb olunur.

Misal 2: “BB” MMC İtaliya şirkətinə onlayn qaydada internet üzərindən treninq xidmətləri göstərib. Bu zaman İtaliyadakı müəssisə Azərbaycandakı rezidentə 11.800 manat xidmət haqqı ödəyib. Belə olan halda, “BB” MMC həmin məbləği 0 faiz dərəcəsi ilə ƏDV-yə cəlb edəcək və ƏDV bəyannaməsinin Əlavə 4-də göstərəcək.
ƏDV 0% üzrə öhdəlik = 11.800 x 0% = 0 manat.

Üçüncü hal: Əgər Azərbaycan Respublikasının rezidenti qeyri-rezidentin öz ölkəsində qeyri-rezidentə xidmət göstərərsə, o zaman həmin xidmətə görə aldığı məbləği ƏDV-yə cəlb etməyəcək. Bu, ƏDV-yə cəlb olunmayan əməliyyat sayılır.

Misal 3: “AA” MMC İtaliyaya gedərək oradakı müəssisənin əməkdaşlarına treninqlər keçib. Bunun müqabilində şirkətin bank hesabına 11.800 manat vəsait daxil olub. Bu zaman həmin məbləği ƏDV bəyannaməsinin Əlavə 3 hissəsinin 2-ci bölməsində ƏDV-yə cəlb olunmayan vəsait kimi göstərərək bəyannaməni təqdim edəcək.