BİZNES

13 Dekabr

Dövlət Vergi Xidməti bir daha vergi bəyannamələrinin vaxtında təqdim edilməsinin vacibliyini vurğulayır

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, vergi ödəyicilərinin vergi bəyannamələrini vaxtında təqdim etmələrini təmin etmək üçün maarifləndirmə işlərini davam etdirir. Xidmət, bəyannamələrin düzgün təqdim edilməsinin və vergilərin vaxtında ödənilməsinin vacibliyini vurğulayır.

Fins.az xəbər verir ki, vergi bəyannamələrində məbləğ azaldığı və ya hesabat təqdim edilmədiyi hallarda, vergi ödəyicilərinə Vergi Məcəlləsi əsasında maliyyə sanksiyaları tətbiq oluna bilər. Həmçinin, vergi orqanları, vergi məbləğini qanunvericiliyə uyğun olaraq kameral qaydada hesablamaq hüququna malikdir.

Bəyannamələrin düzgün təqdim edilməsi qanunvericiliyin tələbi olmaqla yanaşı, sosial məsuliyyət daşıyır. Bu, vergi ödəyicisinin şəffaflıq və hesabatlılıq prinsiplərinə əməl etməsinin göstəricisidir. Şəffaf maliyyə əməliyyatları isə etimadı artırır və maraqlı tərəflərlə münasibətləri gücləndirir.

Dövlət Vergi Xidməti, vergi inzibatçılığını təkmilləşdirərək, vergi ödəyicilərinin maraqlarını qorumağa çalışır. Bununla bağlı, bəyannamələrin elektron formada təqdim edilməsi üçün geniş imkanlar yaradılıb, mikro və kiçik sahibkarlar üçün inzibati yük azaldılıb. Bu, sahibkarlara xidmət mərkəzlərinə getmədən bəyannamələri rahat şəkildə təqdim etməyə şərait yaradır.