BİZNES

04 Mart

Transxəzər beynəlxalq nəqliyyat marşrutu üzrə konteyner daşımaları artacaq

Finss.az - Cari il üzrə proqnoza əsasən, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM), digər adıyla Orta Dəhliz üzrə konteyner daşımalarının ümumi həcmi 96 min TEU təşkil edəcək. Bu həcmin 88 min TEU-sunun isə Aktau-Ələt istiqamətində daşınması gözlənilir.

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi (ASCO) və Kazmortransflot şirkətinin hesablamalarına görə, mövcud fider donanmasının potensialı ilə (Kazmortransflotun dörd, ASCO-nun isə iki gəmisi) Aktaudan Ələtə təxminən 89 min TEU konteynerin daşınması mümkündür.

Hər iki gəmiçilik şirkəti gəmilərin sayının artırılmasına ehtiyac görmürlər. Bunun əvəzinə, onlar əlavə fiderlərin cəlb edilmədən planlaşdırılan həcmdə konteynerlərin daşınmasına imkan verəcək bir sıra tədbirləri həyata keçirməyi təklif edirlər. Təklif edilən əsas həllər arasında TBNM-ə cəlb olunan Xəzər dənizi limanlarının akvatoriyasında dibdərinləşdirmə işlərinin aparılması, Aktau limanında fider gəmilərin maksimum yüklənməsinin təmin edilməsi, limanlarda gözləmə vaxtının azaldılması və konteynerlərin vaxtında daşınması üçün yetərli sayda fitinq platformalarının təqdim edilməsi yer alır.