Finss.az - Azərbaycan Sənaye Korporasiyası (ASK), dövlət başçısının fərmanı ilə ləğv edildiyi halda, 2023-cü il üzrə hesabatında 8.95 milyon manat zərər açıqlayıb.
Bu barədə "RSM Azərbaycan" audit şirkətinin apardığı audit hesabatı məlumat verib. 2022-ci ildə isə ASK 46.2 milyon manat xalis mənfəət əldə etmişdi.
ASK 2017-ci ildə Azərbaycan Prezidentinin fərmanı ilə yaradılıb və bir sıra dövlət müəssisələrini idarə etməsi altında birləşdirirdi. Şərab, əmlak, metal, ipək və pambıq kimi ixrac əhəmiyyətli məhsullar istehsal edən korporasiyalar ASK-nın idarəçiliyində idi.
Lakin 2023-cü ildə korporasiyanın gəlirləri əhəmiyyətli dərəcədə azalıb. Belə ki, 2022-ci ildə 434.2 milyon manat gəlir əldə edildiyi halda, 2023-cü ildə bu rəqəm 326.05 milyon manata enib ki, bu da 108.15 milyon manatlıq və ya 25 faiz azalma deməkdir. Satışların maya dəyərinin gəlirlərlə müqayisədə daha aşağı dinamika ilə azalması isə korporasiyanın ümumi mənfəətini 93.85 milyon manatdan 13.85 milyon manata endirib.

2024-cü ilin dekabrında Azərbaycan Prezidentinin fərmanı ilə "Azərbaycan Sənaye Korporasiyası" ASC ləğv edilib. Bu sərəncama əsasən, korporasiyanın idarə etdiyi "Azərbaycan Alüminiumu" ASC, "Azəralüminium" MMC və "Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilib.