Fins.az - 2024-cü ilin oktyabr ayında yarımkeçirici bazarında əhəmiyyətli artım qeydə alınıb.
Dünya üzrə yarımkeçiricilərin satışları keçən ilin oktyabrı ilə müqayisədə 22,1 faiz artaraq 56,9 milyard dollar səviyyəsinə çatıb. Bu barədə Yarımkeçirici Sənayesi Assosiasiyası (SIA) məlumat yayıb.
2023-cü ilin oktyabr ayında bu rəqəm 46,6 milyard dollar, 2023-cü ilin sentyabrında isə 55,3 milyard dollar idi. Beləliklə, oktyabr ayında satışlar son bir ildə ən yüksək səviyyəyə yüksəlib.
SIA-nın baş icraçı direktoru Con Noyffer, bu ilin sonunda yarımkeçirici bazarının yüksək artım tempi ilə yekunlaşacağını bildirib. Onun sözlərinə görə, sənaye yeddi ay ərzində ardıcıl olaraq ən yüksək aylıq satış həcminə nail olub və 2024-cü ildə ümumi illik satışların təxminən 20 faiz artacağı proqnozlaşdırılır. O, həmçinin 2025-ci ildə bu artımın iki rəqəmli həcmdə davam edəcəyini vurğulayıb.
Oktyabr ayında satışların ən çox artdığı ölkə ABŞ olub. ABŞ-da yarımkeçiricilərin satışları 54 faiz artıb. Çində artım 17 faiz, Asiya-Sakit Okean bölgəsində isə 12,1 faiz olub. Yaponiyada isə satışlar 7,4 faiz artıb. Lakin, Avropada bu sahədə 7 faiz azalma müşahidə edilib.
2024-cü ilin sentyabr ayında yayılan proqnozlara görə, dünya 2025-ci ildə süni intellekt texnologiyalarının inkişafı nəticəsində yarımkeçiricilərdə qıtlıqla üzləşə bilər. Bu proqnozda qeyd edilir ki, texnoloji nəhənglər, xüsusilə süni intellektin inkişafına yönəlmiş məlumat mərkəzləri üçün yüksək sayda qrafik prosessorları alırlar. Əgər tələb 20 faiz artarsa, bu, yarımkeçirici bazarının balansını poza və çip çatışmazlığına səbəb ola bilər.