BİZNES

26 Fevral

Xırda ticarətlə məşğul olan şəxsin vergi öhdəlikləri

Gəncədə piştaxtada geyim mallarının satışını həyata keçirirəm. VÖEN almışam. Bu halda hansı növ vergi ödəməliyəm və mənə vergi güzəşti şamil edilirmi? 

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, sorğuda qeyd olunan fəaliyyət sahibkarlıq fəaliyyəti hesab edilir. Vergi Məcəlləsinin 33.4-cü maddəsinə əsasən, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs sahibkarlıq fəaliyyətinə başladığı günədək vergi uçotuna alınma ilə bağlı ərizəni vergi orqanına təqdim etməklə vergi uçotuna alınmalı (VÖEN əldə etməli) və əldə etdiyi gəlirdən vergini dövlət büdcəsinə ödəməlidir.

Vergi öhdəlikləri isə vergi uçotuna alınarkən təqdim olunan ərizədə seçilmiş vergitutma sisteminə və yaranan vergitutma obyektlərinə uyğun olaraq müvafiq vergilərdən (sadələşdirilmiş vergi və ya gəlir vergisi, ƏDV) ibarət olacaqdır. Belə ki, həmin fiziki şəxs tərəfindən sadələşdirilmiş vergitutma sistemi seçildiyi halda, ticarət fəaliyyətindən əldə edilən gəlirlərdən (ümumi hasilatdan) xərclər çıxılmadan 2 faiz dərəcə ilə sadələşdirilmiş vergi hesablanıb dövlət büdcəsinə ödənilir. Qeyd olunan fəaliyyət gəlir vergisinin ödəyicisi kimi həyata keçirildiyi halda isə əldə edilmiş gəlirdən həmin gəlirin əldə olunması ilə bağlı çəkilən xərclər çıxıldıqdan sonra qalan məbləğdən 20 faiz dərəcə ilə gəlir vergisi hesablanıb dövlət büdcəsinə ödənilir.

Xidmətdən bildirilib ki, Vergi Məcəlləsinin 102.1.30-cu maddəsinə əsasən, müvafiq il üzrə orta aylıq muzdlu işçi sayı 3 nəfərdən az olmayan və məcburi dövlət sosial sığorta haqları üzrə borcu olmayan mikro sahibkarlıq subyekti olan fiziki şəxslərin sahibkarlıq fəaliyyətindən əldə etdikləri gəlirinin 75 faizinə güzəşt tətbiq edilir. Müvafiq il üzrə orta aylıq muzdlu işçi sayı təqvim ili ərzində muzdlu işçilərin sayının cəmlənərək 12-yə bölünməsi yolu ilə müəyyən edilir. Vergi ödəyicisi vergi güzəştinin tətbiqi məqsədilə bu maddədə müəyyən edilmiş şərtlərə cavab vermədikdə və növbəti hesabat ilində mikro sahibkarlıq subyektindən digər kateqoriya sahibkarlıq subyektinə keçdikdə hüquqi şəxsin mikro sahibkar olduğu əvvəlki 3 təqvim ilinin yekunlarına görə hesablanmış və ödənilmiş gəlir vergisinin 75 faizi həcmində vergi güzəşti müəyyən edilməklə digər sahibkarlıq subyekti olduğu dövrlərdə gəlir vergisi öhdəliyindən çıxılır. Vergi ödəyicisi tərəfindən əmtəəsiz əməliyyatlar aparıldığı halda, bu maddə ilə müəyyən edilmiş vergi güzəşti əmtəəsiz əməliyyatlardan yaranan gəlirlərə münasibətdə tətbiq olunmur.

Xatırladaq ki, sahibkarlıq fəaliyyəti üzrə minimum aylıq əməkhaqqının tikinti sahəsində 50 faizi, digər sahələrdə 25 faizi miqdarının Bakı şəhərində 100 faizi, Sumqayıt və Gəncə şəhərlərində 90 faizi, digər şəhərlərdə 80 faizi, rayon inzibati ərazi vahidlərinin inzibati mərkəzi olan inzibati ərazi vahidlərində və qəsəbələrdə 60 faizi, kənd yerlərində isə 50 faizi miqdarında hər ay məcburi sosial sığorta haqqı hesablanıb ödənilməlidir. Bununla yanaşı, “Tibbi sığorta haqqında” Qanunun müddəalarına əsasən, fərdi sahibkar minimum aylıq əməkhaqqının 4 faizi məbləğində icbari tibbi sığorta haqqı ödəməlidir.

Vergi orqanlarında uçot prosedurları, fəaliyyətin xüsusiyyətlərindən asılı olaraq vergi ödəyicilərinin etməli olduqları hərəkətlər barədə daha ətraflı məlumat almaq üçün Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsindəki "Vergi bələdçisi” bölməsində yerləşdirilən məlumatlarla tanış ola, əlavə suallar yarandıqda isə Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 33-cü, 34-cü maddələri, “Sosial sığorta haqqında” və “Tibbi sığorta" qanunlar

©Vergiler.az