Finss.az - Ötən il ölkəmizdə minik avtomobilləri istehsalında uğurlu nəticələr qeydə alınıb.
Rəqəmlərin dinamikasına baxanda bunu aydın görmək olur. 2024-cü ildə istehsal edilən minik avtomobillərinin sayı 5.998 ədəd olub ki, bu da 2023-cü illə müqayisədə 55% artım deməkdir. Eyni dövrdə 697 yük avtomobili istehsal olunub.
Azərbaycanda avtomobillərin əsas istehsal məkəzləri Hacıqabul Sənaye Parkı və Neftçala Sənaye Məhəlləsində yerləşir. Hacıqabulda dəyəri 107,5 milyon manata bərabər olan 3.761 ədəd avtomobil istehsal edildiyi halda, Neftçalada 2.182 nəqliyyat vasitəsi istehsal edilib və bunun da dəyəri 54,65 milyon manat təşkil edib. Ümumilikdə isə 2018-2024-cü illərdə sənaye zonalarında 442,5 milyon manatlıq avtomobil istehsalı gerçəkləşdirilib.
Yerli avtomobil istehsalı, bu sahədə yeniliklər və trendlər barədə “vergiler.az” “Azərbaycan Maşın və Avadanlıq İstehsalçıları Assosiasiyası”nın (AMAİA) icraçı direktoru Gülay Həsənova ilə həmsöhbət olub.
- Gülay xanım, ilk öncə AMAİA-nın yaradılmasının əsas məqsədi və fəaliyyəti ilə bağlı məlumat verməyinizi xahiş edərdik.
- Assosiasiyamız 2018-ci ildə yaradılıb və başlıca məqsədimiz ölkəmizdə maşın və avadanlıq istehsalını genişləndirmək, bu sahədə investisiya mühitini yaxşılaşdırmağa töhfə vermək, qeyri-neft sektorunun inkişafına nail olmaqdır. Eyni zamanda, istehsalçıların və investorların bu istiqamətdə ümumi maraqlar naminə fəaliyyətini əlaqələndirib, onların hüquqlarını müdafiə etmək başlıca məqsədlərimiz sırasındadır. Daim beynəlxalq təcrübəni öyrənirik, innovasiyaların tətbiqi yolu ilə Azərbaycan brendini yaratmaq, bu brendi dünyaya tanıtmaq və ixrac potensialını səfərbər etməyi hədəfləyirik. Bir sözlə, qısaca ifadə etsəm, Azərbaycanda maşın və avadanlıq istehsalı sənayesinin inkişafına nail olmaq istəyirik.
- Bu dövr ərzində AMAİA maşınqayırma sənayesi və avadanlıq istehsalının inkişafı baxımından hansı yeniliklərə imza atıb?
- Sadalayacağım bir sıra mühüm yeniliklər var. Öncə avtomobil istehsalı sahəsində xarici təcrübə və müasir avadanlıqların ölkəmizə gətirilməsini qeyd etmək istərdim. Məhz xarici təcrübədən faydalanaraq avtomobil istehsalı sahələrinin qurulması təmin edilib. Sözsüz ki, bu da yerli istehsalı inkişaf etdirərək, ölkədə avtomobil sənayesinin təşəkkül tapmasına səbəb olub. Bundan başqa, biz maşınqayırma sahəsindəki işçi qruplarda iştirak edirik və nəzərə alınan bir sıra təkliflərimiz var. Belə təkliflər sırf sənayenin keyfiyyət standartlarının yüksəldilməsinə hesablanıb. Digər tərəfdən, bizim üçün ekoloji təmiz ətraf mühit prinsiplərinə riayət olunması prioritet məsələdir.
Bir sıra avtomobil brendləri ilə danışıqlar aparırıq və bunun nəticəsində yeni avtomobil markaları üzrə istehsal sahələrinin qurulması təmin edilib. Bununla yanaşı, mütəmadi olaraq yeni ixrac bazarlarını araşdırıb maşınqayırma və avadanlıq istehsalı sahəsində müqavilələr imzalayırıq. Düşünürəm ki, bu, ölkənin ixrac potensialını artırmağa yönəlmiş əhəmiyyətli addımdır. Onu da qeyd edim ki, sənaye avadanlıqlarının standartlara uyğun istehsalını və istifadəsini təmin etmək məqsədilə assosiasiyamızın dəstəyi ilə ölkə daxilində yük avtomobillərinə quraşdırılan soyuducu və müxtəlif sənaye furqonlarının texniki şərtləri hazırlanıb, müvafiq standartlara uyğunlaşdırılıb və dövlət qeydiyyatına alınıb.
İnnovasiyaların tətbiqi yolu ilə Azərbaycan brendini yaratmaq, bu brendi dünyaya tanıtmaq və ixrac potensialını səfərbər etməyi hədəfləyirik
- Assosiasiya indiyədək ətrafına kimləri toplaya bilib?
- Hər zaman çalışırıq ki, üzvlərimiz arasında işgüzar əlaqələr qurulsun. Bundan başqa, assosiasiya investisiya və innovasiya layihələrinin həyata keçirilməsi, həmçinin sağlam sahibkarlığın inkişafına yönəlmiş təşəbbüslərin dəstəklənməsi və qanunvericilikdə müvafiq dəyişikliklərə dair tövsiyələr verilməsi kimi bir çox vacib funksiyaları yerinə yetirir. Quruma üzv olan şirkətlər arasında “Azərmaş Park” MMC, “Azkron” MMC, "ATEF Şirkətlər Qrupu", "Dəmir Texnika Mərkəzi", "Xırdalan İnşaat Konstruksiyaları" MMC, "Shoket Soyutma Sistemləri" MMC kimi tanınmış müəssisələrin adını çəkə bilərəm. Məhz onlarla birgə əməkdaşlıq sayəsində müxtəlif uğurlu layihələr həyata keçirilir.
- AMAİA yeni iş yerlərinin açılmasına hansı formada dəstək verir?
- Biz yerli və xarici investisiyaların cəlb edilməsi ilə yeni istehsal müəssisələrinin açılmasına dəstək göstəririk. Yeni mərkəzlər açıldıqca, sözsüz ki, əlavə iş yerləri də yaranmış olur. Bundan savayı, yeni istehsal sahələrinin qurulması üçün lazımi investisiyaların cəlb olunması və təşviq edilməsi də fəaliyyət dairəmizə aiddir.
- Hansı uğurlu layihələrinizi sadalaya bilərsiniz?
- Assosiasiya olaraq daim yeni brendlərin cəlb edilməsi və istehsalın lokallaşdırılması üzərində işləyirik. Əsasən xarici bazarlarda tanınmış brendləri ölkəyə cəlb etməyə çalışırıq. Bu, yeni istehsal sahələrinin açılmasına və yerli bazarın inkişafına şərait yaradan əsas amillərdəndir. Lokallaşdırılmış brendlər vasitəsilə ölkənin ixrac potensialı artırılacaq və yeni bazarlara çıxış əldə ediləcək. Belə layihələr sənaye sahələrinin inkişafına müsbət təsir göstərir və bu baxımdan, qarşıdakı dövrdə daha da genişləndirilməsi nəzərdə tutulur.
Lokallaşdırılmış brendlər vasitəsilə ölkənin ixrac potensialı artırılacaq və yeni bazarlara çıxış əldə ediləcək
- Bildiyimiz kimi, İqtisadi Zonaların İnkişafı Agentliyi, AMAİA və Özbəkistanın “UzAvtoSanoat” şirkəti arasında Əməkdaşlıq Memorandumu imzalanıb. Bu istiqamətdə hansı yenilik var?
- Sözügedən sənədə əsasən, hazırda Hacıqabul Sənaye Parkında avtomobil istehsalı zavodu inşa edilir. Zavodda minik avtomobillərinin kuzovlarının qaynaq edilməsi, boyanması və yığılması kimi işlər həyata keçiriləcək. Burada bir sıra texnoloji yeniliklərdən istifadə olunacaq. Haqqında danışdığımız zavod yerli istehsalın keyfiyyətini artırmağa hesablanıb.
- Hacıqabul Sənaye Parkında indiyədək nə qədər avtomobil istehsal edilib?
- Sənaye parkında “ISUZU” markalı yük avtomobilləri və avtobuslarının, eləcə də “Chevrolet” markalı minik avtomobillərinin istehsalı davam etdirilir. İndiyə kimi 7.954 ədəd “Chevrolet” minik avtomobili istehsal edilib, “ISUZU” markalı maşınların sayı isə 716 ədəddir.
- İstehsal xətlərinin illik istehsal gücü və işlə təminat məsələsi nə yerdədir?
- Hacıqabul Sənaye Parkı və Neftçala Sənaye Məhəlləsindəki zavodlarımız ildə 15 min ədəd avtomobil istehsal etmək gücündədir. Az öncə bəhs etdiyim yeni inşa olunan istehsal müəssisəmizdə isə bunun iki qatı qədər - illik 30 min ədəd avtomobil hazırlamaq mümkün olacaq. O ki qaldı işçilərin sayına, hazırda avtomobil istehsalı ilə bağlı prosesə 410 nəfər cəlb olunub. Yeni inşa edilən zavodumuzun illik istehsal gücünü və böyüklüyünü nəzərə alsaq, orada 1.200-ə yaxın işçinin əməyinə ehtiyac yaranacaq.
2023-cü ildən başlayaraq müəssisələrimizdə istehsal olunan avtomobillərə xarici ölkələrdən marağın artdığını görürük
- Müəssisələrdə istehsal edilən yerli avtomobillərə maraq hansı səviyyədədir?
- Son illər sənaye parklarında istehsal olunan məhsullara marağın artdığını müşahidə edirik. 2018-ci ildəki rəqəmləri 2024-cü ilin göstəriciləri ilə müqayisə etsək, 8 dəfədən çox artım olub.
- Yerli avtombillərin xaricə ixracı ilə bağlı planlarınız varmı?
- 2023-cü ildən başlayaraq müəssisələrimizdə istehsal olunan avtomobillərə xarici ölkələrdən marağın artdığını görürük. Bunu nəzərə alaraq, ixracın səviyyəsini yüksəltmək üçün danışıqları davam etdiririk. İndiyə kimi 500-dən çox avtomobil ixrac olunub, amma bu sayla kifayətlənmək niyyətində deyilik. Daha çox xarici bazarlarda təmsil olunmaq və ixrac coğrafiyamızı genişləndirmək üçün gücümüzü səfərbər edirik.