BİZNES

26 Fevral

Azərbaycan və Oman arasında investisiya əməkdaşlığı müzakirə edilib

Finss.az - Azərbaycanın İqtisadiyyat Nazirliyində Oman şirkəti "Suhail Bahwan Group Holding" nümayəndələri ilə görüş keçirilib.

Görüş zamanı birgə investisiya layihələri və əməkdaşlıq perspektivləri müzakirə olunub.

Nazirlikdən verilən məlumata görə, müzakirələr iqtisadiyyat naziri Mikayıl Cabbarovun Suhail Bahwan Group Holding nümayəndələri ilə görüşü çərçivəsində aparılıb.

Görüşdə Oman şirkətinin nümayəndələrinə Azərbaycanda qeyri-neft sektorunun inkişafı, xarici investisiyalar üçün yaradılmış əlverişli biznes mühiti haqqında ətraflı məlumat verilib. Həmçinin, bu sahədə dövlət-özəl tərəfdaşlığının əhəmiyyəti vurğulanıb.

Qeyd edilib ki, Azərbaycanda əlavə dəyər yaradan istehsal sahələrinin qurulmasına dövlət dəstəyi və istehsal olunan məhsulların xarici bazarlara çıxışı üçün inkişaf etdirilən nəqliyyat-logistika infrastrukturu ölkəmizi xarici investorlar üçün daha da cəlbedici edir.

Görüş çərçivəsində tərəflər birgə investisiya layihələrini və əməkdaşlıq imkanlarını müzakirə ediblər.

Məlumat üçün bildirək ki, Suhail Bahwan Group Holding Oman Sultanlığının ən iri holdinqlərindən biridir. Şirkət Fars körfəzi ölkələri, Şimali Afrika və Cənubi Asiyada fəaliyyət göstərən 30-dan çox şirkətə sahibdir. Holdinq kimya sənayesi, səhiyyə, enerji, logistika, maşınqayırma, infrastruktur, informasiya texnologiyaları və telekommunikasiya sahələrində fəaliyyət göstərir.