BİZNES

25 Fevral

Ötən il özəlləşdirmədən dövlət büdcəsinə 108,9 milyon manat vəsait ödənilib

Finss.az - İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən dövlət əmlakının özəlləşdirilməsi sahəsində işlər davam etdirilir.

2024-cü ildə 45 hərrac keçirilib. Hərraclarda 6 səhmdar cəmiyyətinin səhm paketi, 6 kiçik dövlət müəssisəsi və 589 nəqliyyat vasitəsi özəlləşdirilib. Ötən il ərzində hərraca çıxarılmış dövlət əmlakı üzrə 402 elektron sifariş qəbul edilib, hərraclarda iştirak etmək məqsədilə “Elektron hərrac” proqram təminatı vasitəsilə 56 onlayn qoşulma reallaşıb.

Dövlət əmlakının özəlləşdirilməsinin mütərəqqi üsullarından biri də investisiya müsabiqəsidir. Ötən il ərzində “Bakı Alüminium Profil” MMC və “Bakı Mərmər Qranit”MMC-nin dövlətə məxsus payları, uşaq bezi və salfet kağızı istehsalı müəssisənin (əmlak kompleksi kimi) və “Gəncə-Qənnadı” Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus 30 faizlik qalıq səhm zərfi investisiya müsabiqəsinə çıxarılaraq özəlləşdirilib. Sözügedən müsabiqələrin qalibləri tərəfindən götürülmüş öhdəliklərə əsasən, dövlət büdcəsinə ümumilikdə 28,45 milyon manat vəsaitin ödənilməsi, müəssisələrə 27,25 milyon manat investisiya yatırılması və 280 iş yerinin yaradılması planlaşdırılır.

Əvvəlki illərdə investisiya müsabiqəsi vasitəsilə özəlləşdirilmiş müəssisələr də daxil olmaqla 2024-cü il ərzində müəssisələrə 4,6 milyon manata yaxın investisiya yatırılıb, dövlət büdcəsinə 3,1 milyon manat ödənilib.

2024-cü ildə özəlləşdirmədən dövlət büdcəsinə daxilolmalar 108,9 milyon manat təşkil edib və illik proqnoz ­­103.7% icra olunub.

Zemfira Ms
Finss.az