İqlim maliyyəsi sahəsində bank sektorunun fəal iştirakı zəruridir.
Fins.az xəbər verir ki,bu barədə VIII Beynəlxalq Bankçılıq Forumunda İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı məlumat verib.
O, inkişaf etmiş ölkələrin iqlim dəyişikliyi ilə mübarizə üçün 1,15 trilyon ABŞ dolları həcmində maliyyə vəsaitinə ehtiyac olduğunu vurğulayıb.
V.Qasımlı qeyd edib ki, bu vəsait iqlim dəyişikliyinin temperatur artımını 1,5 dərəcə ilə məhdudlaşdırmaq və davamlı inkişafı təmin etmək baxımından əhəmiyyətlidir. Bununla yanaşı, dünya iqtisadiyyatında digər sahələrə ayrılan vəsaitlərin miqyasını diqqətə çatdırıb:
- Moda sənayesinə illik 2,4 trilyon ABŞ dolları,
- Hərbi xərclərə 2,44 trilyon ABŞ dolları,
- Qazıntı yanacağına isə 7 trilyon ABŞ dolları həcmində subsidiyalar ayrılır.
Bununla yanaşı, dünya milyarderlərinin ümumi sərvəti 14,2 trilyon ABŞ dollarına çatıb.
O əlavə edib ki, qlobal iqtisadiyyatın bu potensialı iqlim dəyişikliyi ilə mübarizə üçün ciddi imkanlar yaradır. V.Qasımlı bildirib ki, Bakıda keçirilən COP29 iqlim konfransının qərarları təkcə dövlətlərin deyil, həm də özəl sektor və bank sektorunun potensialını nəzərə alır. Bu yanaşma COP29-un mühüm nailiyyətlərindən biri kimi qiymətləndirilir.
Fuad Mədətov
Fins.az