BİZNES

04 Dekabr

Qlobal iqtisadi artım davam edir, lakin risklər artır

2024-cü ilin 9 ayında artan qeyri-müəyyənliklər fonunda qlobal iqtisadi artım davam edib.

Fins.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın “Pul siyasəti icmalı”nda bildirilir. Geosiyasi gərginliklər, ticari proteksionizm və geoiqtisadi parçalanmalar qlobal iqtisadi aktivlik və inteqrasiya üçün çətinliklər yaratmağa davam edib. Lakin qlobal risklərə baxmayaraq, inflyasiyanın azalması prosesi davam edib və əksər ölkələrdə monetar siyasətin yumşaldılması başlayıb.

Hesabat dövründə qlobal iqtisadiyyatda aktivlik, o cümlədən istehsalçılar və istehlakçıların davranışlarını əks etdirən göstəricilər stabil olub. Biznes İnam İndeksi (Bİİ) və İstehlakçı İnam İndeksi (İİİ) iqtisadi qeyrimüəyyənliklər, qiymət artımı ilə bağlı risklər, geosiyasi risklər və təchizat zəncirindəki problemlərlə formalaşıb. Kompozit Aparıcı İndikatorun (KAİ) müsbət trendi, iqtisadi canlanma, istehsal və investisiyaların artması, ticarətdəki müsbət dinamikalarla əlaqələndirilir.

İstehsal sektoru üzrə Satınalma Menecerləri İndeksi (SMİ) ilin əvvəlindən artmağa başlasa da, ilin ortalarından azalma meyli göstərib. Sentyabr ayında SMİ 50.0-dən 48.8-ə düşüb ki, bu da 2023-cü ilin noyabrından bəri ən aşağı göstəricidir. Azalmanın səbəbi istehsal həcmlərində zəif artım, yeni sifarişlərin azalması, siyasi qeyrimüəyyənliklər və işsizlikdir. ABŞ, Çin, Yaponiya və Aİ ölkələrində sənaye aktivliyində azalma müşahidə olunub.