BİZNES

19 Fevral

Vergi ödəyicilərinin könüllü əməletməsinin artması vergi sistemi üçün əsas hədəfdir- Samirə Musayeva

Ötən həftə Azərbaycanda vergi xidməti işçiləri peşə bayramlarını qeyd etdilər. Eyni zamanda, ölkənin müasir vergi sisteminin yaradılmasının 25 illiyi münasibətilə keçirilən tədbirlərdə vergi sahəsində aparılan islahatlar və əldə olunan uğurlar vurğulandı. Vergi sisteminin inkişafı təkcə dövlət büdcəsinin gəlirlərinin formalaşmasında deyil, həm də iqtisadiyyatın şəffaflaşması, sahibkarlıq mühitinin yaxşılaşdırılması və kölgə iqtisadiyyatı ilə mübarizə baxımından mühüm rol oynayır. Son illər vergi inzibatçılığının təkmilləşdirilməsi və vergi ödəyicilərinə göstərilən xidmətlərin keyfiyyətinin artırılması istiqamətində atılan addımlar bu sahənin daha da modernləşməsinə imkan yaradıb.

Finss.az xəbər verir ki, indiyədək həyata keçirilən islahatların nəticələri və qarşıda duran prioritetlər barədə “Report”un suallarını İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva cavablandırıb.

Həmin müsahibəni təqdim edirik:

- Samirə xanım, vergi xidmətinin keçdiyi ötən 25 il kifayət qədər uğurlu hesab olunur və bu, ötən həftə keçirilən Forumda da dəfələrlə vurğulandı. Nəzərə alsaq ki, vergi sistemi həyata keçirilən islahatlar baxımından da ölkəmizdə öncül qurumlar sırasındadır. Müasir vergi sisteminin yaxın gələcəyi və ölkəmizin iqtisadi inkişafında bundan sonra verə biləcəyi töhfələr barədə fikirləriniz maraqlıdır.

- Haqlı olaraq qeyd etdiniz ki, vergi sistemi keçdiyi inkişaf yolunda kifayət qədər nailiyyətlər əldə edib. Ona görə də biz vergi orqanının gələcəyə baxışından danışarkən həmin gələcəyin söykəndiyi təməllərə nəzər salmalıyıq. Bu gün vergi orqanı dövlət büdcəsinin fiskal gəlirlərinin 77 %-indən çoxunu təmin edən bir dövlət orqanıdır. Ötən ilin nəticələrinə görə Dövlət Vergi Xidmətinin xətti ilə büdcəyə səfərbər olunan vergi məbləği 15,8 milyard manatdan yüksək olub. Bunun 11 milyard manatdan çoxu məhz qeyri-neft sektorunun payına düşüb. Bu isə onu göstərir ki, iqtisadiyyatın məhz qeyri-neft sektorunun inkişafı və şəffaflaşması iqtiqamətində aparılmış islahatlar bu gün müsbət nəticələr verir.

Bu gün gələcəyə baxışımız da həmin möhkəm təməllərə söykənməlidir. Çünki iqtisadi inkişafa verə biləcəyimiz ən böyük töhfələrdən biri fiskal dayanıqlığın təmin edilməsi, biznes subyeklərinin şəffaf şəkildə inkişaf etdirilməsinin təşviq edilməsi, vergi siyasəti alətləri ilə məşğulluğun səviyyəsinin artırılmasına töhfə verilməsi və sahiblarlıq mühiti üçün rahat inzibati şərtlər təmin etməklə onların vergi ödəmələrinə könüllü şəkildə əməl etməsinə nail olmaqdır. Şəffaflaşma sahəsində əsas indikatorumuz kimi son 6 ildə aparılan islahatların nəticəsi olaraq qeyri-neft sektorunun özəl bölməsində məşğulluğun səviyyəsinin artmasını göstərə bilərik. Məhz bu sektorda məşğulluq 82 %-dən çox, əməkhaqqı fondunun həcmi isə 2,7 dəfə artıb. Bunlar isə məhz sahibkarlığın inkişafı və şəffaflaşması ilə bağlı bizim iqtisadiyyata verə biləcəyimiz əsas töhfələrdən biri olub.

– Qeyd etdiklərinizi ümumiləşdirsək, belə anlaşılır ki, artıq yaxın gələcək üçün müəyyən təməl prinsiplər var. Dövlət Vergi Xidməti 2025-2028-ci illər üçün Strategiya hazırlayıb. Bu strategiyada əsas indikatorlar və funksiyalar nələr olacaq?

- Doğru qeyd etdiniz ki, bizim gələcəyə baxışımızı müəyyən edən konkret bir strategiyamız var. 2025-2028-ci illəri əhatə edən bu strategiya, vergi sisteminin inkişafı üçün əsas istiqamətləri müəyyənləşdirir. İlk növbədə, strategiya öz dəyərlərimizi əks etdirir. Burada dürüstlük, innovativlik, peşəkarlıq, əməkdaşlıq və komanda işi kimi prinsiplər əsas götürülüb. Əsas məqsəd isə dövlət büdcəsinin gəlirlərinin sabit təmin edilməsi və iqtisadi dayanıqlığa töhfə verməkdir.

Strategiyadakı fəaliyyət istiqamətlərimizi qruplaşdırsaq, əsasən 4 qrup istiqamət müəyyən olunub. Bunlardan biri vergi orqanlarında insan kapitalının səviyyəsinin daha da yüksəldilməsidir. Qısaca desək, iqtisadi inkişafa töhfə verə bilən vergi sisteminin formalaşması və inkişaf etməsi üçün orada insan kapitalı inkişaf etməlidir. Bu məqsədlə dürüstlük, peşəkarlıq, təşəbbüskarlıq və innovativlik kimi dəyərlər prioritet sayılır. Komandanın peşəkar bacarıqlarının artırılması üçün hədəfli təlimlər təşkil olunur və müvafiq inkişaf proqramları həyata keçirilir.

Strategiyamızdakı ikinci fəaliyyət istiqaməti isə dayanıqlı, davamlı iqtisadi inkişafı təmin edən vergi sisteminin formalaşdırılmasıdır. Təbii ki, dayanıqlı iqtisadi inkişafın təmin edilməsi sahibkarlıq mühitinin gücləndirilməsi ilə birbaşa bağlıdır. Bu səbəbdən, strategiya sahibkarlığın və biznesin inkişafını təşviq edən vergi siyasəti alətlərinin tətbiqini nəzərdə tutur. Həmçinin, kapitalın biznesə geri qayıtmasını və reinvestisiya imkanlarını artıran vergi mexanizmlərinin tətbiqi əsas prioritetlərdən biridir.

Digər fəaliyyət istiqamətimiz isə ölkədə vergidən yayınma və “kölgə iqtisadiyyatı” ilə mübarizə tədbirlərinin davam etdirilməsi və bu sahədə dayanıqlığın təmin olunmasıdır. Son illərdə şəffaflığın artırılması istiqamətində mühüm addımlar atılıb və bu prosesin davamlı olması vacibdir. Vergi ödəyiciləri üçün elə bir mühit yaradılmalıdır ki, həm vergi yükü, həm də vergi ödəmə prosesi şəffaf işləməyi iqtisadi cəhətdən daha səmərəli etsin. Bununla yanaşı, vergidən yayınma hallarına qarşı inzibatçılıq gücləndirilməli və qanunvericilik çərçivəsində ciddi məsuliyyət tədbirləri tətbiq edilməlidir. Bunlar istər vergi məsuliyyəti, istər inzibati və ya cinayət məsuliyyətidir.

Dördüncü mühüm istiqamətimiz və bəlkə də bütün digər istiqamətlərimiz üçün əsas nəticə indikatoru kimi görünə bilən digər istiqamət vergi ödəyicilərinin könüllü vergi əməletməsinin səviyyəsinin artırılması və vergi mədəniyyətinin yüksəldilməsidir. Əgər vergi siyasəti sahibkarlığı təşviq edirsə, nəzarət mexanizmləri effektivdirsə və vergilərin ödənilməsi sadələşdirilibsə, bu zaman könüllü əməletmə səviyyəsi yüksəlir. Statistik göstəricilər də bunu təsdiqləyir: ötən ilin nəticələrinə əsasən, vergi daxilolmalarının 93 %-i məhz könüllü ödənişlər hesabına formalaşıb.

- Gələcək hədəflərdən danışarkən bilmək istərdik ki, yeni Vergi Məcəlləsinin hazırlanması gündəmdədirmi?

- Bəli, yeni Vergi Məcəlləsinin hazırlanması gündəmdədir və bu prosesə ötən ildən başlanılıb. İlk mərhələdə vergi orqanının rəsmi internet səhifəsində xüsusi bölmə yaradıldı və ictimaiyyətə, vergi ödəyicilərinə yeni Məcəllədə hansı dəyişikliklərin edilməsini istədikləri barədə açıq çağırış edildi. Bu çərçivədə mövcud Vergi Məcəlləsində hansı müddəaların artıq aktual olmadığı, biznes mühitinə mane olduğu və optimallaşdırılması lazım gəldiyi barədə rəy və təkliflər toplandı.

Bununla yanaşı, iri holdinq şirkətlərinə və biznes subyektlərinə müraciət edilərək onların yeni Vergi Məcəlləsinə yanaşmaları və ictimai iştirakçılığın təmin olunması ilə bağlı fikirləri öyrənildi. Həmçinin, bazarda xüsusi çəkisi olan konsaltinq şirkətlərinin rəyləri toplandı. İlkin mərhələdə ictimaiyyətin və vergi ödəyicilərinin aktiv iştirakçılığı müşahidə olundu və bu, yeni Vergi Məcəlləsinin hazırlanmasında əsas prinsiplərdən biri kimi nəzərə alınacaq. Hazırda biznes assosiasiyaları və sahibkarlıq subyektləri ilə sektoral və ümumi müzakirələr davam etdirilir.

Yeni Vergi Məcəlləsinin əsas məqsədlərindən biri vergi qanunvericiliyinin daha anlaşılan olması, sahibkarlıq mühitinin inkişafını dəstəkləyən optimal vergi yükünün müəyyən edilməsi və iqtisadi artımı təşviq edən vergi alətlərinin tətbiqidir. Beynəlxalq təcrübə araşdırılıb və strateji hədəflərə uyğun olaraq iqtisadi inkişafı dəstəkləyən vergitutma mexanizmlərinin formalaşdırılması istiqamətində geniş təhlillər aparılıb.

Yeni Məcəllədə əsas diqqət sahibkarlığın inkişafına yönəldiləcək. Xüsusilə, mikro və kiçik sahibkarlıqdan orta sahibkarlığa keçidi təşviq edən vergi siyasəti alətləri geniş tətbiq olunacaq. Reinvestisiyaların stimullaşdırılması, biznesin mənfəətinin yenidən inkişaf üçün istifadə edilməsinin təşviqi və dolayı vergilər hesabına dövlət büdcəsinin gəlirlərinin təmin edilməsi əsas prioritetlərdən biridir.

Bundan əlavə, beynəlxalq vergi təcrübəsi nəzərə alınaraq ekoloji dayanıqlığın təmin edilməsi, karbon emissiyalarının azaldılması və ekoloji vergilərin tətbiqi məsələləri də müzakirə olunur. Xüsusilə, karbon emissiyası yüksək olan sektorlar üzrə sahibkarlıq subyektləri ilə məsləhətləşmələr aparılır. Eyni zamanda, vergi təşviqlərinin yenidən çeşidlənməsi və hədəfli təşviq mexanizmlərinin tətbiqi nəzərdə tutulur.

Qeyd edim ki, ötən il Vergi Məcəlləsinə edilən mühüm dəyişikliklərdən biri strateji investisiya layihələri və dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilən iri investisiya layihələri üçün vergi güzəştlərinin tətbiqi oldu. Xüsusilə, bərpa olunan enerji mənbələrindən istifadə etməklə elektrik enerjisi istehsal edən vergi ödəyicilərinə əhəmiyyətli vergi güzəştləri təqdim edildi. Ortamüddətli perspektivdə də bu cür təşviq mexanizmlərinin yeni Vergi Məcəlləsində öz əksini tapması planlaşdırılır.

- Bildiyimiz kimi, Dövlət Vergi Xidməti vergi ödəyiciləri ilə münasibətdə insan faktorunun minimuma endirilməsi və rəqəmsallaşmaya daha çox söykənməsi istiqamətində addımlar atır. Effektiv vergi inzibatçılığının həyata keçirilməsi baxımından ödəyiciləri bundan sonra hansı yeniliklər gözləyir?

- Haqlı olaraq qeyd etdiniz ki, vergi inzibatçılığının rəqəmsallaşması həm vergi orqanlarının inzibati resurslarının keyfiyyətini artırır, həm də vergi yığımlarında effektivliyi yüksəldir. Digər tərəfdən, bu proses vergi ödəyicilərinin hüquqlarının daha dolğun qorunmasına və onların vergi öhdəliklərini yerinə yetirməsinin sadələşdirilməsinə xidmət edir. Ona görə də vergi inzibatçılığının rəqəmsallaşdırılmasında balansın qorunmasına xüsusi diqqət yetiririk. Əgər bütün resurslarımızı yalnız vergi nəzarətinin gücləndirilməsinə və vergi ödəyiciləri haqqında daha çox məlumat toplanmasına yönəltsək, lakin vergi ödəyicilərinə təqdim edilən elektron xidmətlərin sayını və keyfiyyətini artırmasaq, könüllü vergi əməletməsində azalma müşahidə oluna bilər.

Vergi inzibatçılığı kontekstində əsas gözləntilərimizdən biri daxil olan məlumatların daha dərindən analiz edilməsi və data analitikasının inkişaf etdirilməsidir. Beynəlxalq standartlara cavab verən texnoloji yeniliklərdən və süni intellektin imkanlarından istifadə etməklə risk əsaslı vergi inzibatçılığı təkmilləşdiriləcək. Çarpaz məlumat yoxlamaları sayəsində məsafədən daha effektiv vergi nəzarəti tədbirləri həyata keçiriləcək. Artıq vergi borclarının idarə olunması üçün bir sıra yeni rəqəmsal həllər tətbiq olunur.

Vergi ödəyicilərinə təqdim edilən elektron xidmətlərin sayı və funksionallığı artırılacaq. Hazırda mövcud olan 70-dən çox elektron xidmətin daha da genişləndirilməsi, xüsusilə mikro və kiçik sahibkarlar üçün vergi əməl etmə prosesinin daha da sadələşdirilməsi planlaşdırılır.

Bunlar arasında mobil tətbiqlər üzərindən göstərilən xidmətlərin artırılması, vergi bəyannamələrinin öncədən doldurularaq vergi ödəyicilərinə təqdim edilməsi, vergi ödəyicilərinin risklər barədə vaxtında məlumatlandırılması kimi yeniliklər var. Həmçinin sahibkarların işlədikləri digər vergi ödəyicilərinin potensial vergi riskləri barədə əvvəlcədən məlumatlandırılması kimi preventiv yanaşmalar tətbiq ediləcək. Bunun hesabına gələcək vergi nəzarəti tədbirləri zamanı ciddi maliyyə sanksiyalarından kənarda qalacaqlar.

Bu yeniliklər bir tərəfdən vergi ödəyicilərinin hüquqlarının qorunmasına və onların potensial vergi pozuntularından əvvəlcədən xəbərdar edilməsinə imkan verəcək, digər tərəfdən isə vergi orqanlarının fiskal dayanıqlığı təmin etməklə bağlı funksiyalarını daha effektiv yerinə yetirməsinə kömək edəcək.

©Report